Qayıdış Şəhadətnaməsi

Anlayışı

“Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”yə uyğun olaraq, Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi aşağıdakı kateqoriya şəxslərə verilə bilən, bu şəxslərin şəxsiyyətini təsdiq edən və onlara yalnız Azərbaycan Respublikasına qayıtmaq hüququ verən rəsmi sənəddir:

       • xarici ölkədə pasportu itmiş, oğurlanmış, yararsız hala düşmüş və ya etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşına və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan uşağına;

       • xarici ölkədə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşına;

      • xarici ölkədə pasportu itmiş, oğurlanmış, yararsız hala düşmüş və ya etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxsə və onunla birgə Azərbaycan Respublikasına qayıdan     18 yaşına çatmayan uşağına;

       • xarici ölkədə 18 yaşına çatmış Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxsə.

Növləri

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin iki növü var:

1. Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulan qayıdış şəhadətnaməsi (AA seriyalı);

2. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün nəzərdə tutulan qayıdış şəhadətnaməsi (AB seriyalı).

Qayıdış şəhadətnaməsinin əldə edilməsi üçün müraciət edilməsi və qayıdış şəhadətnaməsinin verilməsi qaydaları:

18 yaşına çatmış (o cümlədən xarici ölkədə ikən 18 yaşı tamam olmuş) Azərbaycan Respublikası vətəndaşı və ya Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi verilməsi üçün sərbəst şəkildə şəxsən və ya qanuni nümayəndələri vasitəsi ilə müraciət etməlidirlər.

Xarici ölkədə yaşayan Azərbaycan Respublikası vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs 18 yaşına çatmamışdırsa, onun adına ayrıca qayıdış şəhadətnaməsi verilə bilməz.

Yetkinlik yaşına çatmamış belə şəxslər yalnız yuxarıda sadalanan kateqoriyadan olan şəxslərin (valideynlərindən biri, qanuni nümayəndəsi (övladlığa götürənləri, qəyyum və ya himayəçiləri); və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmi təsdiq olunmuş etibarnamə əsasında hər hansı Azərbaycan Respublikası vətəndaşının) müşayiəti ilə ölkəmizə qayıda bilər.

Bu zaman yetkinlik yaşına çatmamış uşaqların soyadı, adı, atasının adı cinsi və doğulduğu tarix ölkəmizə birgə qayıdacağı Azərbaycan Respublikası vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə verilən qayıdış şəhadətnaməsinə yazılır və foto-şəkli bu şəhadətnamə blankında xüsusi nəzərdə tutulmuş xanalara yapışdırılaraq möhürlənir.

Əgər bu halda 18 yaşına çatmamış uşaqların sayı 3-dən artıqdırsa, ölkəmizə birgə qayıdacağı müvafiq Azərbaycan Respublikası vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan eyni şəxsin adına ikinci şəhadətnamə rəsmiləşdirilir; 4-cü və sonrakı yetkinlik yaşına çatmamış uşaqlar eyni qaydada (soyadı, adı, atasının adı cinsi və doğulduğu tarix bu şəhadətnamə blankına yazılmaqla və foto-şəkli bu şəhadətnamə blankında xüsusi nəzərdə tutulmuş xanalara yapışdırılaraq möhürlənməklə) ikinci şəhadətnaməyə qeyd edilməlidir.

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsini almaq üçün müraciət edən şəxs tərəfindən müvafiq zəruri sənədlər təqdim edildikdən və müvafiq ərizə-anket qeydiyyata alındığı vaxtdan sonra, şəhadətnamə ən geci 3 təqvim günü müddətində verilir.

Etibarlılıq müddəti

Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən rəsmiləşdirilən qayıdış şəhadətnaməsinə 1 aydan çox olmamaq şərti ilə etibarlılıq (istifadə) müddəti müəyyən edilməlidir. Əgər Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi bu müddət ərzində istifadə olunmazsa o, qüvvədən düşür.

Qayıdış şəhadətnaməsinin verilməsi üçün tələb olunan sənədlər.

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi verilməsi üçün aşağıdakı sənədləri təqdim etmək lazımdır:

Azərbaycan Respublikasının vətəndaşları üçün:

1. 1 ədəd ərizə anket;

2. 2 ədəd rəngli foto-şəkil (3×4 sm ölçüdə);

3. dövlət rüsumunun ödənilməsi haqqında qəbz;

4. Həmçinin aşağıdakı halların hər hansı biri zamanı yuxarıda sadalanan   sənədlərə əlavə olaraq, müvafiq sənədlər təqdim olunmalıdır:

4.1. Pasport yararsız hala düşdükdə və ya onun etibarlılıq müddəti bitdikdə:
- pasportun əsli;

- Azərbaycan Respublikasının vətəndaşının pasportunun qəsdən korlanmasına görə (əgər pasportun yararsız hala düşməsinin səbəbi kimi bu fakt müəyyən olunarsa) inzibati cərimənin ödənilməsi haqqında qəbz.

4.2. Pasportu itdikdə və ya oğurlandıqda:

- Üzərində fotoşəkil olan, şəxsiyyətini və Azərbaycan Respublikasının vətəndaşlığını müəyyənləşdirən sənədlərdən birinin surəti:

- Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi,
- Azərbaycan Respublikası tərəfindən verilmiş hərbi bilet
- Azərbaycan Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsi;
- Şəxsiyyətini və Azərbaycan Respublikasının vətəndaşlığını müəyyənləşdirən digər rəsmi sənəd (Üzərində fotoşəkil olmadığı üçün Azərbaycan Respublikasının doğum haqqında şəhadətnaməsi yeganə sənəd olaraq təqdim oluna bilməz).

- Pasportun itirildiyi ölkənin polis orqanı tərəfindən müvafiq pasportun itirilməsi ilə əlaqədar müraciətin edildiyini / müvafiq pasportun itirilməsi faktını təsdiq edən arayışın əsli;

- Azərbaycan Respublikasının vətəndaşının pasportunun itirilməsinə görə inzibati cərimənin ödənilməsi haqqında qəbz.

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün dövlət rüsumu 40 (qırx) ABŞ dollarıdır.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 17.7.-ci maddəsinə əsasən, aşağıdakı kateqoriya Azərbaycan Respublikasının vətəndaşlarına qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur:

       – Xarici ölkələrdə dövlət xətti ilə təhsil alan vətəndaşlar,

       – pedaqoji fəaliyyət göstərən vətəndaşlar,

      - xarici ölkələrin cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan vətəndaşlar;

       – xarici ölkələrdən deportasiya edilən vətəndaşlar.

Diqqət!

Hər bir şəxs Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsini möhkəm saxlamağa borcludur!

Koreya Respublikasında daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşı qayıdış şəhadətnaməsi almamışdan əvvəl Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyində konsulluq uçotuna alınmalı və onun pasportunda bu barədə qeyd edilməli, möhürlə təsdiqlənməlidir!

Koreya Respublikasında daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi itdikdə, oğurlandıqda, yararsız hala düşdükdə (qəsdən korlandıqda) və etibarlılıq müddəti bitdikdə, dərhal Azərbaycan Respublikasının KR-dəki Səfirliyinə məlumat verməlidir. Eyni zamanda, şəxs yararsız hala düşmüş və yaxud etibarlılıq müddəti bitmiş qayıdış şəhadətnaməsini mütləq Azərbaycan Respublikasının KR-dəki Səfirliyinə təhvil verməlidir.

Bu hallarda Azərbaycan Respublikasının KR-dəki Səfirliyi tərəfindən işin faktiki halları araşdırılaraq həmin şəxsin adına yuxarıda göstərilən qaydalar əsasında yeni şəhadətnamə rəsmiləşdirilə bilər.

Bu zaman əlavə olaraq, Azərbaycan Respublikasının KR-dəki Səfirliyi tərəfindən Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi itmiş və qəsdən korlanmaqla yararsız hala düşmüş həmin şəxsdən qanunvericiliklə müəyyən olunmuş müvafiq inzibati cərimə tutulur.

- Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında Azərbaycan Respublikasına qayıdan şəxs Azərbaycan Respublikasının ərazisinə qayıtdığı vaxtdan 20 gün müddətində bu şəhadətnaməni ona pasport verən Azərbaycan Respublikasının müvafiq dövlət orqanına təhvil verməlidir.