Seul şəhərində “Kitabi-Dədə Qorqud” dastanına həsr olunmuş kitab təqdimatı keçirilib
Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin təşkilatçılığı və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Cənubi Koreyanın Seul Milli Universitetində “Kitabi-Dədə Qorqud” dastanının 6 boyunun Koreya dilinə tərcüməsindən ibarət kitabın təqdimatı keçirilib.
Azərbaycanın Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov tədbiri giriş nitqi ilə açıb. Səfir Azərbaycan və Cənubi Koreya arasında elmi və mədəni əlaqələrdən, bu sahədə həyata keçirilən uğurlu əməkdaşlıq layihələrindən bəhs edib. O bildirib ki, Azərbaycan və Koreya xalqlarının Ural-Altay dil ailəsinə mənsub olması, eləcə də oxşar mədəni və mənəvi dəyərlərə sahib olmasından irəli gələrək hər iki xalqın nümayəndələri qarşı tərəfin dili və mədəniyyətinə böyük maraq göstərirlər ki, bu da ölkələrimiz arasında əməkdaşlıq və mədəniyyət mübadiləsinə əlavə stimul vermiş olur.
Ramin Həsənov qeyd edib ki, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə “Kitabi-Dədə Qorqud” dastanının 6 boyunun Koreya dilinə tərcüməsinin nəşr olunması Azərbaycan və Cənubi Koreya arasındakı mədəni əməkdaşlığının növbəti nümunəsi olmaqla yanaşı, eyni zamanda Koreya ictimaiyyətinin Azərbaycanın milli-mədəni irsi barədə daha dərindən məlumatlanması baxımından əhəmiyyətli töhfədir. Belə ki, Koreyalı oxucular “Kitabi-Dədə Qorqud” dastanını ana dillərində oxumaqla dost Azərbaycan xalqı barədə daha çox maariflənmək imkanı əldə edirlər. O, bu xüsusda çap olunmuş kitabın 1000 nüsxəsinin Koreya Respublikasının müxtəlif kitabxanalarına ianə edilməsi barədə məlumat verib.
Diplomat, həmçinin, əcdadlarımızın həyatı, məişəti və qəhrəmanlıq səhifələrini nümayiş etdirən “Kitabi-Dədə Qorqud” dastanının Azərbaycanın xalqının qədim folklor nümunəsi kimi əhəmiyyətindən danışıb, onu türk dünyasının ümumi dəyəri adlandırıb.
Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev Azərbaycan-Cənubi Koreya əlaqələrinin irəli aparılmasında bu ölkədə yaşayan Azərbaycan diasporunun rolundan bəhs edib. O, diasporumuzun, xüsusilə xaricdəki gənc azərbaycanlıların fəaliyyətinə dəstək göstərilməsinin Azərbaycan dövlətinin daim diqqət mərkəzində olduğunu qeyd edib. Bildirib ki, Cənubi Koreyada yerləşən gənc diaspor təmsilçilərimizin elm, təhsil, incəsənət və digər sahələrdə uğurla fəaliyyət göstərmələri və nailiyyətlər əldə etmələri sevindirici haldır.
Əkrəm Abdullayev “Kitabi-Dədə Qorqud” dastanının 6 boyunun Koreya dilinə tərcümə olunmasını Azərbaycan mədəniyyətinin Cənubi Koreyada tanıdılması, iki xalqın nümayəndələri arasında mübadilənin təşviq olunması baxımından əhəmiyyətini vurğulayıb. Natiq bu layihənin tarixçəsi barədə məlumat verərək, sözügedən tərcümə işinin Cənubi Koreyada yaşayan azərbaycanlı tərcüməçi Leyla Məsimli və koreyalı yazıçı Li Sucinin birgə əməyinin nəticəsi olduğunu diqqətə çatdırıb. O habelə kitabın ərsəyə gəlməsində tərcümə işinin bədii redaktoru, Seul Milli Universitetinin professoru Banq Min Honun əməyini vurğulayıb. Əkrəm Abdullayev “Kitabi-Dədə Qorqud” dastanının 6 boyunun Koreya dilinə tərcüməsindən ibarət kitabın nəşr olunmasını təmsil etdiyi qurum, Cənubi Koreyada yaşayan soydaşımız və koreyalı tərəfdaşlar arasında səmərəli əməkdaşlığın nəticəsi adlandırıb.
Professor Banq Min Ho da tədbirdə çıxış edərək, Azərbaycan Diasporuna Dəstək Fondunu və sözügedən tərcümə işinin müəlliflərini uğurlu nəticə münasibətilə təbrik edib, eləcə də kitab təqdimatının təşkil olunmasına və ümumi prosesə dəstəyinə görə Azərbaycanın Koreyadakı Səfirliyinə təşəkkürünü bildirib. Bu layihədə həvəslə iştirak etməsindən bəhs edən koreyalı alim “Kitabi-Dədə Qorqud” dastanının Azərbaycan xalqının qədim tarixi, zəngin milli-mədəni irsi, adət-ənənələri barədə olduqca dolğun məlumat verən mükəmməl folklor nümunəsi olduğunu qeyd edib, əsərin 6 boyunun artıq Koreya dilində də mövcud olmasının bu ölkədə Azərbaycanın kökləri barədə daha dolğun məlumatlanmaq üçün meydan açdığını bildirib. Azərbaycana səfərlərini, ölkəmizin müasir və xalq ədəbiyyatı ilə tanışlığını xoş təəssüratlarla xatırlayan Banq Min Ho vurğulayıb ki, bədii redaktor qismində dastanın Koreya dilinə tərcüməsi üzərində işləməsi onun Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlığını daha da möhkəmləndirib.
Tərcümənin koreyalı həmmüəllifi, yazıçı Li Sucin çıxış edərək tədbir iştirakçılarına azərbaycanlı tərcüməçi Leyla Məsimli ilə uzunmüddətli əməkdaşlığı, hazırki tərcümə işinin ideyasının yaranması, onun məqsədi, Azərbaycan Diasporuna Dəstək Fondunun layihəni böyük səylə dəstəkləməsi, tərcümə üçün boyların seçimi zamanı diqqət edilən nüanslar barədə ətraflı məlumat verib. O, həmçinin “Kitabi-Dədə Qorqud” dastanını Koreyanın xalq ədəbiyyatı ilə müqayisədə təhlil edərək, dastanın ayrı-ayrı boyları ilə Koreyanın müxtəlif folklor nümunələrindəki oxşarlıqları diqqətə çatdırıb və bunu iki xalqın mədəni yaxınlığının sübutu adlandırıb.
Cənubi Koreyanın elmi-mədəni dairələrinin və kütləvi informasiya vasitələrinin nümayəndələri, Azərbaycanın bu ölkədə yaşayan diasporunun fəalları və tələbələrinin iştirakı ilə baş tutan tədbirdə həmçinin Azərbaycana dair digər çap materialları, suvenirlər və kulinariya inciləri qonaqların ixtiyarına verilib.

