2025-11-17

Cənubi Koreyanın parlamentində “Kitabi-Dədə Qorqud” dastanının Koreya dilində nəşrinin təqdimatı keçirilib

Cənubi Koreyada yerli dildə nəşr olunmuş “Kitabi-Dədə Qorqud” dastanının 6 boyundan ibarət kitabın növbəti təqdimatı 17 noyabr tarixində Azərbaycanın Koreya Respublikasındakı səfirliyi və Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədrinin ofisinin birgə təşkilatçılığı, eləcə də Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə bu ölkənin parlamentinin binasında baş tutub.

Azərbaycanın Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov tədbiri giriş nitqi ilə açıb. Səfir Azərbaycan və Cənubi Koreya arasında elmi və mədəni əlaqələrin uğurla inkişaf etməsindən danışıb, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə “Kitabi-Dədə Qorqud” dastanının 6 boyunun Koreya dilinə tərcümə olunmasını Azərbaycan və Cənubi Koreya arasındakı mədəni əməkdaşlığın növbəti nümunəsi olduğunu vurğulayıb. Çap olunmuş kitabın 1000 nüsxəsinin Koreya Respublikasının müxtəlif kitabxanalarına ianə edilməsi barədə məlumat verən diplomat bu tipli layihələrin vahid dil ailəsinə mənsub olan, eləcə də oxşar mədəni və mənəvi dəyərləri bölüşən Azərbaycan və Koreya xalqlarını bir-birinə daha da yaxınlaşdırdığını qeyd edib. Ramin Həsənov, həmçinin, ulu əcdadlarımızın həyatı, məişəti və qəhrəmanlıq səhifələrini nümayiş etdirən “Kitabi-Dədə Qorqud” dastanının həm Azərbaycan xalqının folkloru, həm də bütövlükdə türk dünyasının mədəni irsində tutduğu mühüm yeri vurğulayıb.

Koreya Respublikasının Milli Assambleyasının deputatı, Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Li Man Hi təmsil etdiyi parlamentdə fəaliyyət göstərən dostluq qrupunun Azərbaycan və Cənubi Koreya arasında əlaqələrin inkişafı üçün göstərdiyi səyləri qeyd edib və bunun davam etdiriləcəyini bildirib. Deputat “Kitabi-Dədə Qorqud” dastanının 6 boyunun Koreya dilində nəşr edilməsinin ölkəsində Azərbaycan barədə məlumatlığın artırılması üçün dəyərli mənbə olacağına, xalqlarımız arasında mədəniyyət mübadiləsinin artması və dostluğun güclənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Belə bir layihənin dəstəklənməsi və nəşr olunmuş kitabın tanıtdırılması üçün tədbirlərin təşkilinə görə Azərbaycanın Səfirliyi və Azərbaycan Diasporuna Dəstək Fonduna təşəkkür edib.

Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev Azərbaycan dövləti tərəfindən xaricdə yaşayan soydaşlarımıza göstərilən diqqət və qayğı, eləcə də ölkəmizin təbliğatı sahəsində diasporla sıx əməkdaşlıq edilməsindən bəhs edib və xüsusilə, gənclərin təşviq edilməsi istiqamətində həyata keçirilən layihələri vurğulayıb. Natiq qeyd edib ki, Cənubi Koreyada yaşayan soydaşlarımızla bu xüsusda səmərəli əməkdaşlıq mövcuddur ki, “Kitabi-Dədə Qorqud” dastanının 6 boyunun Koreya dilində nəşr olunması bunun əyani sübutudur. Əkrəm Abdullayev layihənin tarixçəsi barədə məlumat verib, kitabın tərcüməçiləri Cənubi Koreyada yaşayan soydaşımız Leyla Məsimli və koreyalı yazıçı Li Sucinin, eləcə də kitabın baş redaktoru Seul Milli Universitetinin professoru Banq Min Honun əməyini vurğulayıb.

Tədbir kitabın tərcüməsini həyata keçirmiş şəxslərin iştirakı ilə panel müzakirəsi ilə davam edib. Natiqlər tərcümə işinin ideyasının yaranması, onun məqsədi, tərcümə üçün boyların seçimi barədə məlumat veriblər. Həmçinin, “Kitabi-Dədə Qorqud” dastanının nümunəsində Azərbaycan və Koreya xalq ədəbiyyatının oxşarlıqlarını səsləndiriblər.

Tədbirin rəsmi hissəsindən sonra Koreyada təhsil alan azərbaycanlı tələbənin ifasında Azərbaycan xalq rəqsi nümayiş etdirilib.

Tədbirdə Koreya Respublikasının Milli Assambleyasının deputatları və əməkdaşları, elmi-mədəni dairələr və kütləvi informasiya vasitələrinin nümayəndələri, bu ölkədə fəaliyyət göstərən diplomatik missiyaların təmsilçiləri, eləcə də Azərbaycan diasporunun fəalları iştirak ediblər.

 

 

Arxiv üzrə axtarış