news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 01 iyun 2026

Seulda Müstəqillik Günümüzə həsr olunmuş rəsmi qəbul keçirilib

Koreya Respublikasının paytaxtı Seulda Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən 28 May - Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib.

Ölkəmizin Koreya Respublikasındakı səfiri Ramin Həsənov 108 il əvvəl xalqımızın dövlət müstəqilliyini əldə etməsi barədə məlumat verib, müsəlman Şərqində ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin o dövr üçün ən mütərəqqi dövlətlərin sırasında yer aldığını vurğulayıb. Qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi iki ildən sonra Sovet işğalı ilə əlaqədar süqut etsə də, onun dünyəvi və demokratik dəyərləri və ideyaları Azərbaycan xalqının yaddaşında qorunub saxlanılıb və 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü məhz Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edib.

Diplomat vurğulayıb ki, ölkəmiz 90-cı illərin əvvəllərində çox çətin dövrdən keçib və yalnız Ümummilli Lider Heydər Əliyevin sayəsində sabitlik, inkişaf və beynəlxalq əməkdaşlıq yoluna qədəm qoyub. Azərbaycanın bugün də sadiq qaldığı Heydər Əliyev strategiyası ilə ölkəmiz regionun lideri və beynəlxalq birliyin mühüm aktoruna çevrilib. Bu xüsusda, Azərbaycanın transmilli enerji və nəqliyyat layihələrini uğurla həyata keçirməsi, eləcə də qlobal məsələlərin həlli üçün səy göstərməsi, son iki ildə COP29 və WUF13 kimi mötəbər tədbirlərə müvəffəqiyyətlə evsahibliyi etməsi barədə məlumat verib.  

Ramin Həsənov, həmçinin Ermənistanla münasibətlərin normallaşması prosesindən danışaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tarixi Vaşinqton səfərinin nəticələrinə toxunub və regionda davamlı sülhün yaranması üçün real imkan yarandığını vurğulayıb. Eləcə də işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrimzidə aparılan fəal quruculuq işlərini, eləcə də mina problemini qeyd edib.

Azərbaycan-Koreya münasibətlərindən danışan səfir iki ölkə arasında qarşılıqlı maraqlara söykənən konstruktiv siyasi dialoqun mövcud olduğunu, mədəni və humanitar sahələrdə əlaqələrin genişləndiyini və ölkəmizin Koreyanın regionda ən böyük iqtisadi və ticarət tərəfdaşı olduğunu qeyd edib. Bildirib ki, hər iki ölkənin beynəlxalq məsələlərdə fəallığı əməkdaşlığı dərinləşdirmək üçün yeni imkanlar açır. 

Tədbirdə rəsmi qonaq qismində çıxış edən Koreya Respublikasının Xarici İşlər Nazirliyinin Yaxın Şərqdə sülh üzrə xüsusi nümayəndəsi Li Kyunq-çul Koreya hökuməti adından Azərbaycan xalqını və hökumətini müstəqilliyimizin 108-ci ildönümü münasibətilə təbrik edib.

Azərbaycanın beynəlxalq tədbirlərin etibarlı ünvanına çevrildiyini və qlobal əhəmiyyətli COP29 və WUF13 tədbirlərinə yüksək müvəffəqiyətlə evsahibliyi etdiyini qeyd edən natiq Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Bakıda keçiriləcək zirvə görüşünün də eyni uğuru təkrarlayacağına əminliyini bildirib.

Azərbaycan-Koreya münasibətlərinə toxunan koreyalı diplomat Azərbaycanın beynəlxalq məsələlərdə hər zaman ölkəsinin istiqanlı və yardımsevər dostu olduğunu vurğulayıb, son dövrlər iki ölkə arasında baş tutan yüksək səviyyəli mübadilələr barədə məlumat verib. Eləcə də Azərbaycanın Yaxın Şərqdəki böhran zamanı Koreya Respublikasının vətəndaşlarının ölkələrinə təxliyə olunması üçün göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.

İki ölkə arasında humanitar sahələrdəki əməkdaşlığı yüksək qiymətləndirən qonaq Koreyada ilk standart Azərbaycan dili dərsliklərinin dərc olunması, eləcə də “Kitabi-Dədə Qorqud” dastanının Koreya dilinə tərcümə olunmasının xalqlarımız arasındakı dostluq və anlaşmaya töhfə verdiyini diqqətə çatdırıb.     

Rəsmi qəbul ziyafətlə davam edib.

Qəbulda o cümlədən Azərbaycana dair video-çarxlar nümayiş etdirilib.

Tədbirdə Koreya Respublikasının Xarici İşlər Nazirliyi və digər hökumət qurumlarının məsul şəxsləri, ictimai-siyasi, işgüzar, elmi, mədəni dairələrin, mətbuatın, Koreyada akkreditə olunmuş diplomatik missiyaların təmsilçiləri, eləcə də bu ölkədəki Azərbaycan diasporunun nümayəndələri və Koreyada təhsil alan azərbaycanlı tələbələr iştirak edib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti