İkitərəfli münasibətlər
Siyasi əməkdaşlıq

Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında diplomatik münasibətlər 23 mart 1992-ci il tarixində qurulmuşdur.

 

İki ölkə arasındakı əlaqələr 2006-cı ildə Koreyanın Azərbaycanda, 2007-ci ildə Azərbaycanın Koreyada Səfirliklərinin təsis olunması ilə daha da intensivləşmişdir.

 

2006 və 2007-ci illərdə Azərbaycan və Koreya dövlət başçılarının qarşılıqlı səfərləri ən yüksək səviyyədə siyasi dialoqun və ikitərəfli əməkdaşlığın yeni mərhələsinin əsasını qoymuşdur.

 

Sonradan hökumət başçıları, parlament sədrləri və hökumət üzvlərinin qarşılıqlı səfərləri çərçivəsində keçirilən görüşlər və aparılan danışıqlar əlaqələrimizin genişləndirilməsində mühüm rol oynamışdır.

 

Hazırda iki ölkə arasında əhatəli müqavilə-hüquq bazası mövcuddur, indiyədək tərəflər arasında 70-ə yaxın sənəd imzalanmışdır.

 

2017-ci və 2022-ci illərdə Azərbaycan-Koreya diplomatik əlaqələrinin qurulmasının müvafiq olaraq 25 və 30 illik yubileyləri ilə əlaqədar dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində təbrik məktublarının mübadiləsi həyata keçirilmişdir.

 

Azərbaycan-Koreya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizmi fəaliyyət göstərir və indiyədək siyasi məsləhətləşmələrin, sonuncusu 2026-ci ilin iyununda olmaqla, Bakı və Seulda 5 raundu keçirilmişdir.

 

İki ölkə müxtəlif beynəlxalq və regional təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq edirlər.

 

Azərbaycan və Koreyanın qanunverici orqanları arasında da ötən illər ərzində yüksək səviyyədə ikitərəfli təmaslar qurulmuş, çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilmişdir. 2023-cü ilin 31 oktyabr-2 noyabr tarixlərində Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarova Koreya Respublikasına rəsmi səfər etmişdir. Azərbaycan və Koreyanın parlamentlərində müvafiq dostluq qrupları fəaliyyət göstərir və onlar arasında səmərəli işgüzar əlaqələr qurulmuşdur. İki ölkənin parlamentləri arasında həmçinin Avrasiya Ölkələri Parlament Sədrlərinin Toplantısı və Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı kimi çoxtərəfli formatlarda uğurlu əməkdaşlıq mövcuddur.

 

Son yenilənmə tarixi: 29.06.2026



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti