news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 23 aprel 2026

Azərbaycan ilə Koreya rəqəmsal kadastr və daşınmaz əmlakın qeydiyyatı sistemlərini nəzərdən keçirib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndə heyəti Koreya Respublikasının Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi nəzdində fəaliyyət göstərən Koreya Torpaq və Geoməkan İnformatika Korporasiyası, o cümlədən Koreya Daşınmaz Əmlak Şurası və “Wavus” şirkətində kadastr və daşınmaz əmlakın qeydiyyatı, geodeziya və milli məkan məlumatları sahələrində təcrübə mübadiləsi aparmaq, qarşılıqlı əməkdaşlığı genişləndirmək məqsədilə bir sıra görüşlər keçirib.

Nümayəndə heyəti adıçəkilən dövlət qurumlarının fəaliyyətləri, informasiya sistemləri, eləcə də tətbiq olunan yeniliklər və həyata keçirilən uzunmüddətli strateji dövlət proqramları ilə tanış olub. Koreyalı mütəxəssislər tərəfindən daşınmaz əmlakın kadastrı sahəsində aparılan rəqəmsallaşdırma işləri, xəritəçəkmə, geodeziya, milli məkan məlumatları, daşınmaz əmlakın qiymətləndirilməsi və bu sahələrdə istifadə olunan süni intellekt həlləri barədə təqdimatlar edilib.

Dövlət Xidmətinin əməkdaşları ölkəmizdə daşınmaz əmlakın dövlət qeydiyyatı və kadastrı sahəsində tətbiq olunan proqram təminatları, informasiya sistemləri barədə məlumat veriblər.

Qeyd edək ki, iki ölkə arasında əməkdaşlığı dərinləşdirmək, rəqəmsal kadastr və daşınmaz əmlakın qeydiyyatı sistemləri üzrə təcrübə mübadiləsini davam etdirmək barədə razılıq əldə olunub.

Mənbə: AZƏRTAC

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti