Cənubi Koreyada Ulu Öndərin əziz xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib
13 may 2026-cı il tarixində Koreya Respublikasının İnçon şəhərində yerləşən İnha Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şahmat turniri keçirilib.
Azərbaycanın Cənubi Koreyadakı Səfirliyinin, Bakı Mühəndislik Universiteti və Cənubi Koreyanın İnha Universiteti arasında həyata keçirilən ikili diplom proqramı çərçivəsində hazırda təhsillərini sonuncuda davam etdirən azərbaycanlı tələbələrlə birlikdə təşkil etdiyi tədbirdə 30-dan artıq gənc həvəskar şahmatçı iştirak edib.
Turnirin açılışında Ulu Öndər Heydər Əliyevin həyatına dair video-çarx nümayiş olunub.
Səfirliyin nümayəndəsi Vüqar Qafarov müasir Azərbaycan dövlətçiliyinin formalaşmasının, eləcə də ölkəmizin bugünkü uğurlarının Heydər Əliyevin adı və siyasi irsi ilə sıx bağlı olduğunu vurğulayıb. O, Ulu Öndərin gənclərin sağlam ruhda yetişməsi və onların intellektual qabiliyyətinin artırılmasına böyük diqqət yetirməsindən bəhs edib, bu istiqamətin bugün də Azərbaycan dövlətinin fəaliyyətində əhəmiyyətli yer tutduğunu diqqətə çatdırıb.
Turnirin təşkilində yaxından iştirak etmiş, İnha Universitetinin tələbəsi, peşəkar şahmatçı Jalə Kərimli turnirin qaydaları barədə məlumat verib. O, Ulu Öndərin anadan olmasının ildönümünə həsr olunmuş yarışda azərbaycanlı tələbələrlə yanaşı, əcnəbilərin də iştirakını məmnunluqla qeyd edib.
Yarışın sonunda kişi və qadınlar arasında ilk üç yeri tutan iştirakçılar sertifikat və hədiyyələrlə təltif olunublar. Tədbirdə o cümlədən Azərbaycan musiqisindən ifalar, xalq rəqslərimiz və milli mətbəximizin nümunələri təqdim edilib.