İqtisadi əməkdaşlıq
Azərbaycan Respublikası və Koreya Respublikası arasında dinamik iqtisadi-ticarət əlaqələri mövcuddur. Azərbaycan Cənubi Qafqazda Koreyanın ən böyük və mühüm iqtisadi-ticarət tərəfdaşıdır. Koreya, Azərbaycanın qeyri-neft sektoruna birbaşa xarici investisiya yatıran ən böyük ölkələrdən biridir.
Qarşılıqlı səfərlər, ticarətin təşviqi platformaları və mexanizmləri, eləcə də müxtəlif iqtisadi tədbirlər ikitərəfli iqtisadi-ticarət əməkdaşlığının artmasına töhfə verir. Hazırda, Azərbaycan, iqtisadiyyatının diversifikasiyası, qeyri-neft sektorunun inkişafı, ixrac strukturunun təkmilləşdirilməsi, iqtisadi klastrlarının irəlilədilməsi, o cümlədən Ələt Azad İqtisadi Zonasının, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, “Made in Azerbaijan” brendinin, “Invest in Azerbaijan” və “Make in Azerbaijan” konsepsiyalarının təşviqi üçün səylərini davam etdirməkdədir. Bu kontekstdə, ölkənin strateji məqsədlərinə və hədəflərinə nail olmaq üçün Azərbaycan Koreyanı etibarlı tərəfdaş hesab edir.
Koreya şirkətlərinin Azərbaycan iqtisadiyyatına və məhsullarına marağı davamlı olaraq artmaqdadır. Hazırda, Koreyanın 82 şirkəti Azərbaycanda ticarət, sənaye, tikinti, nəqliyyat və xidmətlər sahələrində çalışırlar.
İkitərəfli iqtisadi əməkdaşlığı genişləndirmək məqsədilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) və Koreya Ticarət-Sərmayələrin Təşviqi Agentliyinin (KOTRA) Azərbaycanda Ofisləri fəaliyyət göstərir. Azərbaycanda fəaliyyətinə başladığı dövrdən, KOICA tərəfindən müxtəlif iqtisadi sektorları əhatə edən bir sıra qrant layihələri həyata keçirilmişdir. Çoxlu sayda Azərbaycan rəsmiləri və hökumət nümayəndələri Koreyanın inkişaf təcrübəsinin öyrənilməsi məqsədi daşıyan KOICA-nın potensialın yaradılması təlimlərində iştirak etmişlər.
Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş 23 aprel 2007-ci il tarixində imzalanmışdır. Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya 19 may 2008-ci il tarixində imzalanmışdır. İqtisadi əməkdaşlığın hüquqi bazası davamlı olaraq genişləndirilir.
İkitərəfli ticarət (2020-2024-cü illər)
|
2020 (min $) |
2021 (min $) |
2022 (min $) |
2023 (min $) |
2024 (min $) |
Azərbaycandan ixrac |
82.58 |
83.81 |
295.35 |
526.33 |
500.45 |
Koreyadan idxal |
178 579.69 |
227 573.62 |
268 854.71 |
428 091.14 |
384 788.11 |
Ticarət dövriyyəsi |
178 662.27 |
227 657.43 |
269 150.06 |
428 617.47 |
385 288.56 |
Mənbə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi.
İkitərəfli ticarətdə əsas məhsullar (2024-cü il)
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, 2024-cü ildə Azərbaycandan Koreyaya ixracda əsas məhsulları reaktiv kerosin yanacağı, optik, tibbi, fotoqrafik və dəqiq cihazlar, ətriyyat və əczaçılıqda işlənən bitkilər təşkil etmişdir.
Eyni dövr üzrə Koreyadan idxalda isə, əsas məhsullar avtonəqliyyat vasitələri, avadanlıqlar, mexaniki qurğular və hissələri olmuşdur. 2024-cü ildə Azərbaycanın idxalındakı əsas ticarət tərəfdaşları sırasında Koreya 11-ci yerdə qərarlaşmışdır.
Birgə Komissiya
İkitərəfli iqtisadi, ticarət və sərmayə əməkdaşlığının təşviqi, eləcə də “G2G”, “G2B” və “B2B” təmasların gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiya 2015-ci ildə təsis olunmuşdur. Birgə Komissiyanın 1-ci iclası 14 iyun 2016-cı il tarixində Seul şəhərində keçirilmişdir. Birgə Komissiyanın 2-ci iclası 6 fevral 2020-ci il tarixində Bakı şəhərində təşkil edilmişdir. Birgə Komissiyanın 3-cü iclası 7 iyun 2023-cü il tarixində Seul şəhərində baş tutmuş və onun protokolu çoxşaxəli məsələləri əhatə etmişdir. Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini və Koreya Respublikasının ticarət, sənaye və energetika nazirinin müavini Birgə Komissiyanın həm-sədrləridir.
Son yenilənmə tarixi: 7 fevral 2025-ci il