Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi

Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi üçün tələb olunan sənədlərin siyahısı:

1. Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi üçün Azərbaycan Respublikası Prezidentinə Ərizə-anket (PDF) (WORD) (ərizə-anket 5 (beş) nüsxədə və tam doldurulmalıdır);

2. 5 ədəd biometrik fotoşəkil (35 mm x 45 mm), (fotoşəkillər anketlərin 1-ci səhifəsində fotoşəkilin yapışdırılması üçün nəzərdə tutulmuş yerə yapışdırılmalıdır);

3. Ərizəçinin şəxsiyyətini təsdiq edən və digər mövcud sənədlərin surəti (ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi bilet, nikah haqqında şəhadətnamə və s.);

4. Tərcümeyi-hal;

5. Koreya Respublikasının (KR) rəsmi orqanları tərəfindən ərizəçinin KR vətəndaşlığına qəbul edildiyini təsdiqləyən yaxud qəbul ediləcəyinə təminat verən sənədin əsli və Azərbaycan dilinə notarial qaydada təsdiq edilmiş tərcüməsi;

6. Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi üçün müraciət səbəbini göstərməklə Azərbaycan Respublikası Prezidentinin adına ərizə (sərbəst formada);

7. Ərizəçinin KR-də yaşamaq icazəsi haqqında sənədin əsli və Azərbaycan dilinə notarial qaydada təsdiq edilmiş tərcüməsi;

8. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 16.2.2-ci maddəsinə əsasən şəxsin vətəndaşlığına xitam verilməsi üçün 60 ABŞ dolları dəyərində olan dövlət rüsumunun Səfirliyin bank hesabına (Bank Name: KEB Hana Bank, Account Name: Embassy of Azerbaijan to Korea, Account (USD Account) Number: 166-890028-45838) ödənilməsini təsdiq edən qəbz;

9. 18-35 yaş arası hərbi mükəlləfiyyəti olan kişi cinsindən olan müraciətçilər yuxarıda qeyd edilən sənədlərdən əlavə olaraq hərbi bilet və yaxud hərbi komissarlıqdan qeydiyyatdan çıxma haqqında arayış təqdim  etməlidirlər;

10. Əgər ərizəçi 14 yaşı tamam olmayan azyaşlı uşağı (uşaqları) ilə birgə vəsatət verirsə:

10.1. həmin uşaq (uşaqlar) haqqında məlumatlar valideyn tərəfindən doldurulan Ərizə-anketə yazılmalıdır (ərizə-anketin 14-cü bəndi);

10.2. uşağın (uşaqların) fotoşəkilləri valideynin Ərizə-anketində valideynin şəkillərinin yanına yapışdırılmalıdır;

10.3. uşağa (uşaqlara) aid sənədlərin (pasport, şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə və s.) surətləri və Azərbaycan dilinə notarial qaydada təsdiq edilmiş tərcümələri əlavə edilməlidir;

10.4. uşağın (uşaqların) KR vətəndaşlığına qəbul edildiyini təsdiqləyən yaxud qəbul ediləcəyinə təminat verən sənədin (əgər valideynin müvafiq sənədində uşağın (uşaqların) adı (adları) qeyd edilməyibsə) əsli və Azərbaycan dilinə notarial qaydada təsdiq edilmiş tərcüməsi; 

10.5. uşağın Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsinə etiraz edilmədiyinə dair digər valideynin razılıq ərizəsi (notariat qaydasında təsdiq edilməli və Azərbaycan dilində notarial qaydada tərcümə edilməlidir. Razılıq verən valideyn razılıq ərizəsini Səfirliyə şəxsən gələrək təqdim edirsə, razılıq ərizəsinin notarial qaydada təsdiq edilməsinə ehtiyac yoxdur) və ya valideynlərdən birinin ölüm haqqında şəhadətnaməsi, boşanma haqqında məhkəmə qərarı və s.

11. Əgər ərizəçinin özü 14-18 yaşlarında olarsa:

11.1. Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsinə etiraz etməməsinə dair hər iki valideynin razılıq ərizəsi (notariat qaydasında təsdiq edilməli və Azərbaycan dilində notarial qaydada tərcümə edilməlidir. Razılıq verən valideyn razılıq ərizəsini Səfirliyə şəxsən gələrək təqdim edirsə, razılıq ərizəsinin notarial qaydada təsdiq edilməsinə ehtiyac yoxdur) və ya valideynlərdən birinin ölüm haqqında şəhadətnaməsi, boşanma haqqında məhkəmə qərarı və s.;

11.2. bir valideyni ilə birlikdə Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsinə etiraz etmədiyinə dair digər valideynin razılıq ərizəsi (notariat qaydasında təsdiq edilməli və Azərbaycan dilində notarial qaydada tərcümə edilməlidir. Razılıq verən valideyn razılıq ərizəsini Səfirliyə şəxsən gələrək təqdim edirsə, razılıq ərizəsinin notarial qaydada təsdiq edilməsinə ehtiyac yoxdur) və ya valideynlərdən birinin ölüm haqqında şəhadətnaməsi, boşanma haqqında məhkəmə qərarı və s.;

12. Sənədlər Səfirliyə 5 nüsxədə təqdim olunmalı və sənədlər toplusunun hər biri ayrı-ayrılıqda fayla qoyulmalıdır.

 

Diqqət!

Sənədləri təqdim edərkən əlaqə məlumatlarınızı (telefon nömrəsi, email ünvanı və s.) qeyd etməyi unutmayın!

Xarici dillərdə olan bütün sənədlər Azərbaycan dilinə notiral tərcüməsi ilə birlikdə təqdim edilməlidir!

Ərizəçinin KR vətəndaşlığına qəbul edilməsi barədə sənəd və ya qəbul ediləcəyinə dair təminat məktubunun, eləcə də şəxsiyyəti təsdiq edən sənədlərin etibarlıq müddəti müraciətin Səfirliyə təqdim edildiyi tarixdən balayaraq ən azı dörd aylıq etibarlıq müddəti olmalıdır!

Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizənin, ərizə-anketin və tərcümeyi-halın kompüterdə hazırlanması tövsiyə edilir.

Sənədlər tam və düzgün təqdim edilmədiyi təqdirdə icraya qəbul olunmadan düzəliş edilməsi üçün ərizəçiyə geri qaytarılacaqdır.

Arxiv üzrə axtarış