Doğumun qeydə alınması
Ümumi məlumat
Doğum haqqında məlumat Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqlarına uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində verilməlidir.
Doğumun qeydə alınması üçün müraciət edən şəxs tərəfindən Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqlarına aşağıdakı sənədlər təqdim edilməlidir:
- Doğum aktının qeydə alınması haqqında ərizə;
- Valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər;
- Valideynlərin nikah haqqında şəhadətnaməsi;
- Valideynlərin doğum haqqında şəhadətnaməsi;
- Doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən olan sənədin əsli;
- Uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd;
- Doğum faktının müəyyən olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi;
- Doğumun qeydə alınması üçün müəyyən olunmuş 1 aylıq müddət keçdikdə uşağın sağlamlığı barədə həkim arayışı
Qeyd: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən üzrlü səbəblər olmadan doğumun qeydə alınması üçün 1 aylıq müddətdə müraciət olunmamasına görə uşağın valideynləri xəbərdarlıq edilir və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun muvafiq maddəsinə əsasən cərimə edilir.
İştirak etməli olan şəxslərin siyahısı:
- Valideynlər və ya onlardan biri;
- Valideynlər üzrlü səbəbə görə müraciət edə bilmədikdə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən, doğumun qeydə alınması və doğum haqqında ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu tələb olunmur.
Uşağa ad, ata adı və soyadın verilməsi qaydaları
Uşağa ad verilməsi
Uşağa ad valideynlərin razılığı ilə verilir. Atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə verilir.
Uşağa ata adının verilməsi
Uşağa ata adı isə atasının adına görə verilir. Valideynlər öz aralarında nikahda olmadıqda isə uşağın atası kimi qeydə alınan şəxsin adına görə verilir. Atalıq müəyyən olunmadıqda uşağa ata adı anasının göstərişi üzrə uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir.
Uşaq onun anası ilə qeydə alınmış nikahda olmuş şəxsin ölümündən sonra doğulduqda, ölmüş şəxs uşağın atası kimi doğum haqqında aktın qeydinə və şəhadətnaməyə bu şərtlə yazıla bilər ki, göstərilən şəxsin ölümü günündən uşağın doğulduğu günədək 10 aydan çox vaxt keçməsin.
Nikah dövründə ana bətninə düşmüş, lakin nikah pozulduqdan və ya etibarsız hesab edildikdən sonra anadan olmuş uşağın doğumunun qeydiyyatı, nikahın pozulduğu və ya etibarsız hesab edildiyi gündən uşağın doğulduğu günədək 10 aydan çox keçməmişdirsə, valideynləri nikahda olan uşağın doğumunun qeydiyyatı qaydasında aparılır.
Uşağa soyad verilməsi
Uşağın soyadı bir qayda olaraq valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir.
Valideynlərin soyadları olmadıqda uşağa babasının və ya ulu babasının adı ilə soyad verilir. Uşağa valideynlərin adı ilə soyad verilməsinə icazə verilmir.
Soyadlarının dövlət dilinə uyğunlaşdırılması məqsədilə valideynlərin arzusu ilə «-ov», «-yev» sonluqlu soyadlar sözün kökündən asılı olaraq «-lı», «-li», «-lu», «-lü», «-zadə», «-oğlu», «-qızı» sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edilə bilər.
Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqlarında vətəndaşların soyadlarının dövlət dilinə uyğunlaşdırılması ilə əlaqədar soyad sonluqları dəyişdirilərkən doğum haqqında akt qeydində bu barədə qeyd edilir və təkrar hesab olunmayan yeni şəhadətnamə verilir. Bu zaman dövlət rüsumu tutulmur.