Səfirin müraciəti

 

                                                                     

 

 

Hörmətli qonaqlar,

 

Sizi Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyinin internet səhifəsində salamlayıram.

İnternet səhifəmizdə Azərbaycan və onun Koreya ilə münasibətləri haqqında ümumi məlumat diqqətinizə təqdim edilir. Eyni zamanda səhifəmizdə konsulluq və viza məsələlərinə dair bölmə, Azərbaycanda baş verən hadisələrə dair aktual xəbərlər, eləcə də Azərbaycanla əlaqədar bir sıra digər informasiya mənbələrinə keçidlər yerləşdirilmişdir.

1992-ci ildə Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında diplomatik münasibətlərin qurulmasından sonra iki ölkə və xalq arasında əlaqələr davamlı olaraq inkişaf etməkdədir. Yüksək səviyyədə həyata keçirilmiş qarşılıqlı səfərlər, xüsusilə, Koreya Respublikası Prezidentinin Azərbaycana və Azərbaycan Respublikası Prezidentinin Koreyaya 2006 və 2007-ci illərdə baş tutmuş səfərləri əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır. Hazırda iki ölkə arasında qarşılıqlı etimad və bərabərhüquqlu əməkdaşlığa əsaslanan münasibətlər, o cümlədən dinamik siyasi dialoq, iqtisadi, humanitar, mədəniyyət, idman, təhsil, səhiyyə və digər sahələrdə əməkdaşlıq mövcuddur. Azərbaycan və Koreya həmçinin beynəlxalq qurumlar çərçivəsində uğurlu əməkdaşlıq edirlər.

Mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu coğrafiyada, tarixi İpək Yolu üzərində yerləşən Azərbaycan multikulturalizm və dini tolerantlıq dəyərləri, eləcə də füsunkar təbiəti ilə seçilən rəngarəng ölkədir.

Ümidvaram ki, internet səhifəmizdən bərələnməklə Azərbaycanın daxili və xarici siyasəti, davamlı inkişafı, zəngin tarixi və mədəniyyəti, turizm potensialı, eləcə də Azərbaycan-Koreya münasibətləri haqqında maraqlı məlumatlar əldə edə biləcəksiniz.

Sizi internet səhifəmizin imkanlarından faydalanmağa dəvət edir, eyni zamanda onun təkmilləşdirilməsi ilə bağlı təkliflərinizi dəyərləndirməyə hazır olduğumuzu bildirirəm.

İnternet səhifəmizə baş çəkdiyiniz üçün təşəkkür edirəm.

 

Hörmətlə,

Ramin Həsənov

Fövqəladə və Səlahiyyətli Səfir

Arxiv üzrə axtarış