Humanitar sahədə əməkdaşlıq
Mədəni, elmi-texniki və humanitar əməkdaşlıq
Siyasi və iqtisadi sahələrdə paralel olaraq iki ölkə arasında mədəni, elmi-texniki, humanitar əməkdaşlıq genişləndirilmişdir.
“Koreya Mədəniyyət günləri” və “Koreya Film Həftəsi” müvafiq olaraq 26-30 iyun və 17-20 Oktyabr 2005-ci il tarixlərində Azərbaycanda keçirilmişdir. “Azərbaycan Mədəniyyət günləri” isə 26-30 iyun 2007-ci il tarixində Seul şəhərində təşkil olunmuşdur.
Həmçinin qeyd edilməlidir ki, 2006-cı ilin 11 may tarixində mədəni münasibətlərin gələcək inkişafını əsas tutan “Azərbaycan Respublikası hökuməti ilə Koreya Respublikası hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş” imzalanmışdır.
21-27 aprel 2007-ci ildə SEBA Assosiasiyası və Koreyanın Kyunq Hee Universitetinin Şərq-Qərb Neo-tibbi Mərkəzi tərəfindən Azərbaycanın Qəbələ və Yevlax bölgələrində yerləşdirilmiş qaçqın və aztəminatlı ailələrə tibbi yardımlar göstərilmişdir.
23 aprel 2007-ci il tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Koreya Respublikasının Milli Gənclər Komissiyası arasında “Gənclər sahəsində əməkdaşlığın dərinləşdirilməsi haqqında Anlaşma Memorandumu” imzalanmışdır.
Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyinin dəstəyi ilə Koreyanın KBS və EBS TV telekanallarının film çəkmə üzrə ixtisaslaşmış nümayəndə heyəti müvafiq olaraq 2009-cu ilin avqust və oktyabr aylarında Azərbaycanda səfərdə olmuş, ölkəmizin əhalisi, mədəniyyət, tarixi abidələr, turizm məkanları və s. barədə xüsusi proqram hazırlamışlar. Bundan əlavə, 2009-cu ildə Koreyanın Seul şəhərinin 22 ədəd səyahət avtobusu üzərində Azərbaycanın turizm imkanlarını əks etdirən reklam materialları nümayiş etdirilmişdir.
14-26 noyabr 2010-cu ildə Koreyanın Pyonqtek şəhərinin Pyonqtek Gölü İncəsənət Qalereyasında “İpək yolu və yolun həyat hekayəsi” adlı sərgi keçirilmişdir. Sərgidə Azərbaycandan olan 22 incəsənət xadiminin rəsm əsərləri nümayiş etdirilmişdir.
21 mart 2011-ci il tarixində Koreyanın Seul şəhərində SEBA Assosiasiyası və Koreyanın “ArtBent” şirkətinin birgə təşkilatçılığı ilə “Beynəlxalq Harmoniya Sərgisi-2011” adlı tədbirin açılış mərasimi keçirilmişdir.
11 iyun 2011-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, SEBA Assosiasiyası və Azərbaycanın Koreyadakı Səfirliyinin dəstəyi ilə məşhur Azərbaycan heykəltəraşı Ömər Eldarovun Koreyanın “Gaehwa” parkında “bölünmüş millət” adlı abidəsi qurulmuşdur.
26-27 mart 2012-ci il tarixində Seulda keçirilmiş Dünya Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində təşkil edilmiş Beynəlxalq Uşaq Sülhü İncəsənət Festivalında azərbaycanlı incəsənət xadimlərinin rəsm əsərləri nümayiş etdirilmişdir.
12 iyun 2012-ci il tarixində Koreyanın Yosu şəhərində keçirilmiş “Yosu EXPO-2012” adlı beynəlxalq sərginin açılış mərasimində azərbaycanlı musiqiçilərin və rəqqaslar tərəfindən milli musiqi nümunələri və rəqsləri təqdim edilmişdir.
24 oktyabr 2012-ci il tarixində Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyinin təşəbbüsü və “BUTA” Azərbaycan-Koreya Tələbə Təşkilatının dəstəyi ilə Koreya Xarici Dillər Universitetində məşhur Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.
11-14 aprel 2013-cü il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Səfirlik “11-ci Daegu Gyeongbuk-2013 Ekspo Turu”nda iştirak etmiş və sərgi iştirakçılarına ölkəmizin milli xalçaçılıq, mətbəx nümunələri və suvenirlərini nümayiş etdirmişdir.
16-30 aprel 2013-cü il tarixində Azərbaycan Səfirliyi və SEBA Assosiasiyasının dəstəyi ilə “Azərbaycan mətbəxi festivalı” Millennium Seoul Hilton otelində keçirilmişdir.
25 may 2013-cü il tarixində Səfirlik Busan şəhərindəki Busan Beynəlxalq Fəaliyyət Fondu tərəfindən təşkil olunmuş Beynəlxaql Turizm Sərgisində iştirak etmiş və sərgi iştirakçılarına ölkəmizin milli xalçaçılıq, mətbəx nümunələri və suvenirlərini nümayiş etdirmişdir.
8-10 noyabr 2013-cü il tarixində Səfirlik Koreyanın İlsan şəhərində Koreya Mədəniyyət Assosiasiyası tərəfindən təşkil edilmiş “Qlobal Mədəniyyət və Geyim festivalı”nda iştirak etmişdir.
12-14 mart 2014-cü il tarixində Koreya Xarici Dillər Universitetində Səfirlik tərəfindən “Azərbaycan həqiqətləri” adlı foto sərgi təşkil edilmişdir. Sərgi zamanı Universitetin tələbələrinə Xocalı Soyqırımının təsviri nümayiş olunmuşdur. Mükafat qazanmış fransız foto-jurnalist Frederik Lengaignen də foto sərgidə iştirak etmişdir.
30 oktyabr 2014-cü il tarixində Səfirlik Degu şəhərində Gyeongsangbuk-do vilayəti və Koreya Keimyung Universiteti tərəfindən təşkil edilmiş “İpək yolu və Mərkəzi Asiyanın mərkəzi” nin açılış mərasimində iştirak etmişdir.
10 noyabr 2014-cü il tarixində Səfirlik Seul Beynəlxalq Qadınlar Assosiasiyası “Seoul İnternational Women Association- SIWA” tərəfindən təşkil edilmiş diplomatik bazarda iştirak etmişdir. Ölkəmizin milli xalçaçılıq, mətbəx nümunələri və mədəni dəyərləri sərgi iştirakçılarına təqdim olunmuşdur.
8 aprel 2015-ci il tarixində Səfirlik Seulda Səfirlərin xanımları Assosiasiyası “Ambassadors Spouses Association in Seoul – ASAS” tərəfindən təşkil edilən diplomatic bazarda iştirak etmişdir.
17 aprel 2015-ci il tarixində Səfirlik və Koreya Fondunun təşkil etdiyi “Bahar konserti” adlı klassik musiqi konserti Azərbaycan Dövlət Flarmoniyasının solistləri, pianoçu xanım Səidə Tağızadə və voilonçel cənab Aleksey Milski ilə birlikdə məşhur Koreya skripkaçısı Kim Bomsorinin də iştirakı ilə həyata keçirilmişdir. Dünya və Azərbaycan klassik kompozisiyaları konsert iştirakçılarına təqdim edilmişdir.
2-3 may 2015-ci il tarixində Səfirlik Seul şəhər Bələdiyyəsi tərəfindən təşkil edilən 2015-cil Seul Dostluq sərgisində iştirak etmişdir. Sərgi zamanı iştirakçılara ölkəmizin milli xalçaçılıq, mətbəx nümunələri və suvenirlərini nümayiş etdirmişdir.
12 may 2015-ci il tarixində Səfirlik Xarici İşlər Nazirliyi Xanımları Assosiasiyası tərəfindən təşkil edilən 27-ci xeyriyyə bazarında iştirak etmişdir. Xeyriyyə bazarı zamanı milli geyimlər, , mətbəx nümunələri və suvenirləri təqdim olunmuşdur.
21 avqust, 2015-ci il tarixində Azərbaycan da daxil olmaqla 30-dan çox ölkənin iştirakı ilə Koreyanın Qyonqsanqbuk-do əyalətinin Qyonqcu şəhərində “Qyonqcu İpək Yolu Festivalı-2015” adlı tədbirin açılış mərasimi keçirilmişdir. Festival çərçivəsində Azərbaycanın Qəbələ şəhər İcra Hakimiyyətinin başçısı səbuhi Abdullayev 19-23 avqust tarixlərində Koreya Respublikasında səfərdə olmuşdur. Səfər zamanı Qəbələ şəhərinin İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və Qyonqcu şəhər meri Çoi Yanq-şik tərəfindən “Azərbaycanın Qəbələ və Koreyanın Qyonqcu şəhərləri arasında Dostluq münasibətlərinin qurulması haqqında Saziş” imzalanmışdır.
22 avqust 2015-ci il tarixində “Qyonqcu İpək Yolu Festivalı-2015” çərçivəsində “Azərbyacan Günü” keçirilmişdir. Hər iki ölkənin milli himnlərinin səsləndirilməsi və fəxri qonaqların çıxışlarının ardınca Azərbaycanın Dövlət Musiqi və Rəqs Ansamblı və Qədim Musiqi Alətləri Ansamblı tərəfindən ölkəmizin milli musiqi nümunələri və rəqsləri festival iştirakçılarının diqqətinə təqdim olunmuşdur.
9-11 oktyabr 2015-ci il tarixində Azərbaycan Seulda keçirilmiş “Seul Kitab Sərgisi”ndə təmsil edilmişdir. Sərgi Azərbaycan-Koreya Mədəni Mübadilə Assosiasiyası –SEBA, Koreyadakı Azərbaycan Səfirliyi və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilmişdir.
15-18 oktyabr 2015-ci il tarixində Azərbaycan Mədəniyyət Fondu, Azərbaycan-Koreya Mədəni Mübadilə Assosiasiyası – SEBA, Koreya Fondu, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın Koreyadakı Səfirliyinin dəstəyi ilə “ Azərbaycan Film festivalı” Seulda keçirilmişdir.
8-13 noyabr 2016-cı il tarixlərində Səfirliyimizin təşəbbüsü və Koreya Xarici İşlər Nazirliyinin təşkilatçılığı və maliyyə dəstəyi ilə Koreyada “Türkdilli Dövlətlərin Mədəniyyət Festivalı” keçirilmişdir.
8 noyabr tarixində paytaxt Seulda yerləşən Koreya Milli Muzeyində iştirakçı ölkələrin mədəniyyət xadimlərinin birgə iştirakı ilə Festivalın açılış mərasimi, 9 noyabr tarixində Seulda “Azərbaycan Günü”, 13 noyabr tarixində isə Qimhe şəhərində konsert keçirilmiş, Azərbaycan nümayəndə heyətinin tərkibində “Natiq” ritm qrupu, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, “Muğam” instrumental ansamblı, “Elçin Şirinov caz qrupu” hər üç tədbirdə musiqi proqramı ilə çıxış etmişdir.
Təhsil
Eyni zamanda, son illərdə təhsil sahəsində də ikitərəfli əməkdaşlıqlar inkişaf etmişdir. 70-dən çox Azərbaycanlı tələbə Koreyanın müxtəlif universitetlərində təhsil alır. Azərbaycan və Koreya dilləri eyni Ural-Altay dil qrupundan olduğundan, Koreyada Azərbaycan dilini və Azərbaycanda Koreya dilini öyrənmək üçün qarşılıqlı maraq var. Hal-hazırda Azərbaycanda Koreya dili 2 universitetdə - Bakı Dövlət Universiteti və Azərbaycan Dillər Universitətində öyrədilməkdədir. Bu sahədə əldə olunmuş əməkdaşlığın nəticəsində 2008-ci ildən bəri Azərbaycan dili, mədəniyyəti və tarixi Koreya Dillər Universitetində keçirilməyə başladılmışdır. Hal-hazırda bu universitetdə 24 Koreyalı tələbə Azərbaycan dilini öyrənməkdədir.
Həmçinin, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən (KOICA) Azərbaycanın müxtəlif dövlət qurumlarından olan mütəxəssislər üçün xüsusi olaraq Koreya dili kursları təşkil edilməkdə və azərbaycanlı tələbələrin Koreyada təhsil almaları istiqamətində dəstək göstərməkdədir.
24 Yanvar 2008-ci il tarixində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Koreya Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.
21 mart 2009-cu il tarixində Koreyada təhsil alan azərbaycanlı tələbələrin təşkilatlandırılması və onların sosial-ictimai fəaliyyətinin genişləndirilməsi məqsədilə Azərbaycan Səfirliyinin dəstəyi ilə Seul şəhərində “BUTA” Azərbaycna-Koreya Tələbə Təşkilatı qurulmuşdur.
2009-cu ilin aprel ayında Koreyanın nüfuzlu akademik mərkəzlərindən hesab olunan Seul Milli Universitetinin kitabxanasında “Azərbaycan Guşəsi” yaradılmışdır.
11 iyun 2011-ci il tarixində Seul şəhərində Azərbaycan Dövlət İncəsənət Akademiyası və Koreya İncəsənət Universiteti arasında birgə əməkdaşlıq, məlumat və incəsənət xadimlərinin mübadiləsi haqqında Anlaşma Memorandumu imzalanmışdır.
27 dekabr 2011-ci il tarixində Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Koreya İnşaat və Texnologiya Universiteti arasında Seul şəhərində Anlaşma Memorandumu imzalanmışdır.
29-31 yanvar 2013-cü il tarixində Azərbaycan Respublikası Xarici İşlər naziri müavininin başçılıq etdiyi nümayəndə heyəti və ADA Universitetinin rektoru Hafiz Paşayev Koreya Respublikasına səfər etmiş və Koreya Xarici Dillər Universiteti, Korea Universiteti, Yonsei və Koreya Diplomatik Akademiyasında görüşlər keçirərək Azərbaycan Diplomatik Akademiyası və yuxarıda qeyd olunan universitetlər arasında ikitərəfli əməkdaşlıq haqqında müzakirələr aparmışdır.
12-22 may, 2015-ci il tarixində Azərbaycanın Təhsil naziri cənab M.Cabbarov Koreyaya rəsmi səfər etmişdir. Səfər zamani nazir M.Cabbarov Baş nazirin müavini, Koreya Respublikasının Təhsil naziri eləcə də KRİVET( Təhsil və Təlim üzrə Koreya Tədqiqat İnstitutu), KEDİ( Koreya Təhsil İnkişaf İnstitutu), KOİCA( Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi)nın prezidentləri və Koreya Dillər Universitetinini rektoru ilə görüşmüşdür. Nazir həmçinin “Peşə Təlim Mərkəzinin yaradılması” layihəsi barədə EDCF (İqtisadi İnkişaf Əməkdaşlıq Fondu)nın baş direktoru ilə müzakirələr aparmışdır.