Səfirlikdə qeydiyyatdan keçmə

Ümumi məlumat 

Xarici ölkələrdə daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən uçota alınması prosedurları Azərbaycan Respublikası Xarici İşlər Nazirinin 12.09.2012-ci il tarixli, Q/07-12 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə uçotu Qaydaları” ilə müəyyən edilmişdir. Həmin Qaydalara əsasən xarici ölkələrdə qanuni əsaslarla daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluqları tərəfindən təmin edilməlidir.

Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyi Səfirliyin konsulluq dairəsində daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarını konsulluq uçotuna alır. Koreya Respublikasında daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması onların hüquqlarının, qanuni maraqlarının və təhlükəsizliklərinin qorunması məqsədilə aparılır.

Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması ödənişsiz yerinə yetirilir.

KR-də daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uçotu

Koreya Respublikasında daimi əsaslarla, başqa sözlə KR-in müvafiq səlahiyyətli orqanları tərəfindən verilmiş daimi yaşamaq icazəsinə və ya KR-də daimi yaşamaq statusuna sahib olmasını təsdiq edən digər sənədə malik olan Azərbaycan Respublikası vətəndaşları Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyində uçota alınırlar.

Konsulluq uçotuna alınmış Azərbaycan Respublikası vətəndaşlarının 16 yaşadək uşaqları valideynlərindən birinin uçot kartoçkasında qeyd olunur.

KR-də daimi yaşayan Azərbaycan Respublikası vətəndaşı konsulluq uçotuna alınması məqsədilə aşağıdakı sənədləri pasportla birlikdə Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyinə təqdim etməlidirlər:

  1. Doldurulmuş “Xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşının uçot kartoçkası”;
  2. Pasport üçün rəngli fotoşəkil – 1 ədəd;
  3. Vətəndaşın şəxsiyyətini təsdiq edən Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportu;
  4. Azərbaycan Respublikası vətəndaşının KR-də daimi yaşamaq icazəsinə malik olmasını təsdiq edən sənədin surəti.

Diqqət! Konsulluq uçotuna alınmış Azərbaycan Respublikası vətəndaşı ilə birlikdə KR-də daimi yaşayan 16 yaşına çatmamış uşaq olduqda, həmin uşağın doğum haqqında şəhadətnaməsinin və valideynlərinin nikah haqqında şəhadətnaməsinin (olduğu halda) surətləri Səfirliyə təqdim edilməlidir.

Sənədlərin poçt vasitəsi ilə göndərildiyi halda sənədlərin geri qaytarılması üçün poçt xərcləri ödənilmiş zərfi əlavə edin (Zərfin üstünə ünvanınızı yazmağı yaddan çıxartmayın). Xahiş edirik nəzərə alarsınız ki, Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərişi zamanı itirilməsi və yaxud yararsız hala düşməsinə görə məsuliyyət daşımır.

Məlumat üçün diqqətinizə çatdıraq ki, KR-dəki Azərbaycan Respublikası Səfirliyi tərəfindən KR-də daimi yaşayan Azərbaycan Respublikası vətəndaşı konsulluq uçotuna alınan zaman, onun pasportunda “Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyində uçota alınmışdır. Tarix:_____ İmza:_____” sözləri əks olunmuş ştamp vurulur, Azərbaycan Respublikasının KR-dəki Səfirliyinin konsulluq məsələləri üzrə vəzifəli şəxsi tərəfindən imzalanaraq, gerbli möhürlə təsdiq edilir.

KR-də daimi yaşayan Azərbaycan Respublikası vətəndaşları Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi tərəfindən aşağıdakı hallarda konsulluq uçotundan çıxarılırlar:

  1. digər ölkəyə daimi yaşamaq üçün köçən Azərbaycan Respublikası vətəndaşları daimi yaşayış uçotundan çıxmaq üçün müraciət etdikdə;
  2. Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda;
  3. vəfat etdikdə;
  4. barələrində itkin düşmə və ya vəfat etmə haqqında məhkəmənin qərarı olduqda.

KR-dəki Azərbaycan Respublikası Səfirliyi tərəfindən KR-də daimi yaşayan Azərbaycan Respublikası vətəndaşı konsulluq uçotundan çıxarıldıqda, vətəndaşın pasportunda“_________________ (səbəb) ilə əlaqədar Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyində uçotdan çıxarıldı. Tarix:_____ İmza:_____” sözləri əks olunmuş ştamp vurulur, Azərbaycan Respublikasının     KR-dəki Səfirliyinin konsulluq məsələləri üzrə vəzifəli şəxsi tərəfindən imzalanaraq, gerbli möhürlə təsdiq edilir.

KR-də müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uçotu

Üç aydan çox müddətə KR-ə işləməyə ezam olunmuş, təhsili ilə bağlı və ya şəxsi qaydada (qonaq, müalicə və digər məqsədlə) səfər etmiş Azərbaycan Respublikası vətəndaşları işlədikləri, təhsil aldıqları, müalicə olunduqları və ya yaşadıqları əraziyə akkreditə edilmiş Azərbaycan Respublikasının Korea Respublikasındakı Səfirliyində uçota alınırlar.

KR-də müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşı konsulluq uçotuna alınması məqsədilə aşağıdakı sənədləri Azərbaycan Respublikasının KR-dəki Səfirliyinə təqdim etməlidir:

  1. Doldurulmuş “Xarici ölkədə müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşının uçot kartoçkası”;
  2. Vətəndaşın şəxsiyyətini təsdiq edən Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportunun kserosurəti;
  3. Azərbaycan Respublikası vətəndaşının KR-də daimi yaşamaq icazəsinə malik olmasını təsdiq edən sənədin kserosurəti.

Diqqət! Nəzərinizə çatdırmaq istərdik ki, xarici ölkələrdə müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotu ilə bağlı onların pasportlarında heç bir qeyd aparılmır. Vətəndaş arzu etdiyi təqdirdə onun müvəqqəti yaşayış uçotunda olması barədə konsulluq tərəfindən sərbəst formada yazılmış arayış verilir.

Konsulluq uçotuna alınmış Azərbaycan Respublikası vətəndaşı ilə birlikdə KR-də müvəqqəti yaşayan 16 yaşına çatmamış uşaq olduqda, həmin uşağın doğum haqqında şəhadətnaməsinin və valideynlərinin nikah haqqında şəhadətnaməsinin (olduğu halda) kserosurətləri Səfirliyə təqdim edilməlidir.

Arxiv üzrə axtarış