Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi arasında iki Anlaşma Memorandumu imzalanmışdır.
Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti cari ilin 15-17 mart tarixlərində Koreya Respublikasının Seul şəhərində səfərdə olmuşdur.
Səfər çərçivəsində Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyinin və dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən bir sıra təşkilatların rəsmiləri ilə görüşlər keçirilmiş və görüşlər zamanı maraq doğuran mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Mart ayının 17-də keçirilən görüşdə “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiya”ya əsasən sertifikatların (diplomların) tanınması haqqında Anlaşma Memorandumu” imzalanmışdır. Hər iki Anlaşma Memorandumu Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov və Koreya Respublikasının Okeanlar və Balıqçılıq nazirinin müavini Yoon Hag Bae tərəfindən imzalamışdır.