2016-08-31

Koreya Respublikasının Daxili İşlər Naziri Azərbaycana səfər etmişdir

18-20 avqust 2016-cı il tarixlərində Koreya Respublikasının daxili işlər naziri Honq Yun-Sık “Dövlət İdarəçiliyi üzrə Azərbaycan-Koreya Əməkdaşlığına dair Forum”da iştirak etmək məqsədilə Azərbaycana səfər etmişdir.

Səfər çərçivəsində Honq  Yun-Sık Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və Forumun digər iştirakçıları ilə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Avqustun 18-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Koreya Respublikasının daxili işlər naziri Honq Yun-Sık ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə Koreya arasında qarşılıqlı münasibətlərin yüksək səviyyədə olduğu məmnunluqla vurğulanmış, son vaxtlar iqtisadiyyatın bir çox sahələrində əməkdaşlığımızın genişləndiyi xatırladılmışdır, nüfuzlu dövlət rəsmilərinin bu cür qarşılıqlı səfərləri iki ölkə arasında əlaqələrin daha intensiv inkişafı üçün zəmin yaratdığı qeyd olunmuşdur.

 

18 avqust 2016-cı il tarixində daxili işlər naziri Honq Yun-Sık, 3 saylı Bakı "ASAN xidmət" mərkəzi və “ASAN radio”nun fəaliyyəti ilə tanış olmuş, qonağa "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilmişdir.

 

19 avqust 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “Dövlət İdarəçiliyi üzrə Azərbaycan-Koreya Əməkdaşlıq Forumu” keçirilmişdir. 

 Dövlət Agentliyinin sədri İnam Kərimov “ASAN xidmət” bu günədək əldə etdiyi nailiyyətlər barədə qonağa ətraflı məlumat vermişdir.

Koreyalı Nazir əməkdaşlıq forumunun iki ölkə arasında əlaqələrin genişlənməsi və qazanılmış təcrübələrin bölüşməsi baxımından çox önəmli olduğunu vurğulamışdır.

Forum çərçivəsində Dövlət Agentliyi ilə Koreya Respublikasının Daxili İşlər Nazirliyi arasında “E-hökumət və dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanmışdır.

19 avqust tarixində Honq Yun-Sık Azərbaycan Xalça Muzeyini ziyarət etmiş, qonaqlara xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında ətraflı məlumatlar verilmişdir.

Daha sonra Honq Yun-Sık Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə görüşmüş, informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, “Elektron hökumət” quruculuğu istiqamətində qarşılıqlı təcrübə mübadiləsi, nüvə, peyk sənayesi, poçt rabitəsi sahələrində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunmuşdur.

R.Quluzadə İKT sahəsində ölkələr arasında əməkdaşlığın daha da genişləndirilməsi baxımından Bakıda keçiriləcək “Bakutel-2016” beynəlxalq informasiya texnologiyaları sərgi-konfransının əlverişli platforma olduğunu bildirmiş, Koreya tərəfini sərgidə iştiraka dəvət etmişdir.

Koreyalı nazir İKT sahəsində daha yüksək nəticələrin əldə edilməsi üçün azərbaycanlı kadrlara treninqlərin keçirilməsini, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsini təklif etmişdir.

R.Quluzadə “Elektron hökumət” təlim-tədris mərkəzinin yaradılması və texniki təchizatında göstərdiyi dəstəyə görə Koreya dövlətinə təşəkkürünü bildirmiş, bundan sonra da əlaqələrin yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliyini ifadə etmişdir.

Arxiv üzrə axtarış