Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının baş direktoru Busan şəhərində səfərdə olmuşdur
Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının baş direktoru Taleh Ziyadovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti cari ilin 2-5 noyabr tarixlərində Busan şəhərində səfərdə olmuşdur.
Səfər zamanı T.Ziyadov 3 noyabr tarixində “4-cü Busan Beynəlxalq Limanı Konfransı”nın açılış mərasimində və “Limanların əməkdaşlığı: Yeni İnkişaf Strategiyası”, “Daşınma Bazarının Prespektivliyi və Liman Səneyesinin Gələcəyi” mövzularında plenar sessiyalarda iştirak etmişdir.
Eyni gündə T.Ziyadov Busan Limanının prezidenti Woo Ye-Jong ilə görüşmüşdür. Görüş zamanı tərəflər arasında “Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı və Busan Limanı arasında Əməkdaşlıq Üzrə Anlaşma Memorandumu” imzalanmışdır.
T.Ziyadov “4-cü Busan Beynəlxalq Limanı Konfransı”nda “İnkişaf etməkdə olan bazarlarda liman və loqistika infrastrukturunun korporativ inkişafı” mövzusunda olan sessiyada məruzələrlə çıxış etmişdir.
Bundan əlavə Cənubi Koreyaya səfəri çərçivəsində limanın nümayəndə heyəti və Azərbaycan Respublikasının Koreyadakı səfiri Rəmzi Teymurov Busan şəhərinin meri Suh Byung-Soo, Busan Ticarət və Sənaye Palatasının sədri Sung Je Cho və Busan-Jinhae Azad İqtisadi Zona Administrasiyasının rəhbəri Yang-Hyun Jin ilə görüşüblər.