2017-03-02

14 fevral tarixində Səfirlik tərəfindən Koreya Parlamentinin binasında “Keçmişdən bu günə Azərbaycan reallıqları” adlı seminar və foto sərgi keçirilmişdir.

14 fevral tarixində Səfirlik tərəfindən Koreya Parlamentinin binasında “Keçmişdən bu günə Azərbaycan reallıqları” adlı seminar və foto sərgi keçirilmişdir. Koreyada fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri, Koreya Parlamenti üzvlərinin köməkçiləri, dövlət qurumlarının əməkdaşları və akademik dairələr, o cümlədən, yerli kütləvi informasiya vasitələrinin nümayəndələrindən ibarət çoxsaylı qonaqların iştirak etdiyi tədbirdə Koreya və Azərbaycan parlament dostluq qrupunun sədri Hvanq Yonq-çol, Parlamentin keçmiş sədr müavini Park Byonq-su, xanım millət vəkili Park İn-suk və “The Korea Post” Media qrupunun sədri Li Kyunq-şik fəxri qonaqlar qismində iştirak etmişlər.

   


Tədbiri giriş sözü ilə açan Azərbaycanın Koreyadakı Fövqəladə və Səlahiyyətli Səfiri Rəmzi Teymurov Azərbaycan-Koreya diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümünə təsadüf edən tədbirin məhz Koreya Parlamentində keçirilməsinin böyük tarixi əhəmiyyət kəsb etdiyini bildirmiş, foto sərginin və seminarın təşkilinə göstərdikləri dəstəyə görə Parlament dostluq qrupunun sədri Hvanq Yonq-çola və millət vəkili xanım Park İn-suka minnətdarlığını ifadə etmişdir.


Səfir çıxışında 25 il bundan əvvəl yenicə müstəqilliyini əldə etmiş Azərbaycanın beynəlxalq ictimaiyyət ilə münasibətlər qurduğu dövrdə özünün müasir tarixinin ən ağır dövrlərini yaşadığını bildirmiş, Azərbaycanın üzləşdiyi çətinlikər və faciələr, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi və Xocalı soyqırımı haqda tədbir iştirakçılarına məlumat vermişdir.

Səfir bütün çətinliklərə baxmayaraq, Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın öz küllərindən yenidən doğduğunu və Prezident İlham Əliyevin rəhbərliyində sürətli inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırmış, Azərbaycanın əldə etdiyi nailiyyətlər barəsində danışmışdır.

Səfir həmçinin Azərbaycan və Koreya arasında diplomatik əlaqələrin qurulmasının tarixinə nəzər salmış və 2006-2007-ci illərdə ölkə başçılarının qarşılıqlı yüksək səviyyəli səfərlərindən sonra ikitərəfli əlaqələrdə əldə olunmuş nailiyyətlərdən bəhs etmişdir.


Tədbirdə həmçinin, Parlament dostluq qrupunun sədri Hvanq Yonq-çol, Parlamentin keçmiş sədr müavini Park Byonq-su, xanım millət vəkili Park İn-suk və “The Korea Post” Media qrupunun sədri Li Kyunq-şik çıxış edərək, Azərbaycanda dəfələrlə səfərdə olduqlarını bildirmiş, Azərbaycan haqda təəssüratlarını bölüşmüş və Azərbaycan-Koreya əlaqələrinin inkişafı barəsində danışmışlar. Çıxış edənlər həmçinin Xocalı soyqırımına münasibət bildirərək tarixdə hələ də bu kimi faciələrin təkrar baş verməsindən təəssüf hisslərini ifadə etmişlər, o cümlədən, Koreya tarixində buna bənzər oxşar faciələrin mövcud olduğunu dilə gətirmişlər.

      
Çıxışlardan sonra Səfirliyin müşaviri Vaqif Cəfərov tərəfindən “Keçmişdən bu günə Azərbaycan” adlı təqdimat Koreya dilində tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. Təqdimatda Azərbaycanın 20-ci əsrdə üzləşdiyi tarixi hadisələr və faciələr, Ermənistan-Azərbaycan münaqişəsi və onun nəticələri, Azərbaycanda həyata keçirilmiş uğurlu enerji strategiyası və siyasi islahatlar nəticəsində əldə olunmuş nailiyyətlər və siyasi sabitlik haqda təfsilatlı məlumatlar yer almışdır. Daha sonra isə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və Səfirliyin dəstəyi ilə Buta Tələbə təşkilatı tərəfindən Koreya dilinə tərcümə edilmiş “Xocalıya Ədalət” adlı video filim nümayiş etdirilmişdir.

  

Arxiv üzrə axtarış