28 may – Respublika günü və Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbul keçirilib.
24 may 2017-ci il tarixində Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyi tərəfindən Seulda yerləşən Hilton mehmanxanasında 28 may – Respublika günü və Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbul keçirilib.
Tədbirdə Koreyanın dövlət və hökumət rəsmiləri, o cümlədən Ticarət, Sənaye və Enerji Nazirinin müavini, Qyonqcu şəhərinin meri, Seul şəhərinin Sodemun rayonun meri, hakim Demokrat Partiyasının son qurultayının sədri, Koreya Milli Assambleyasının üzvləri, Seulda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, media nümayəndələri, aparıcı Koreya şirkətlərinin nümayəndələri, elmi-ictimai təşkilat nümayəndələri, ali təhsil ocaqları və beyin mərkəzlərinin təmsilçiləri və Koreyada təhsil alan Azərbaycanlı tələbələr və diaspora nümayəndələri iştirak ediblər.
Azərbaycan və Koreya himnləri ilə başlayan tədbirdə Azərbaycanın Koreyadakı səfiri Rəmzi Teymurov açılış nitqi ilə çıxış edib. Çıxışda R.Teymurov 28 May-Respublika Gününün önəm və əhəmiyyəti barədə danışaraq, tədbir iştirakçılarını Azərbaycan Demokratik Respublikasının tarixi və həmin dövrdə əldə olunmuş nailiyyətlər barədə məlumatlandırıb. 1918-ci ildə müsəlman şərqində ilk respublikanın məhz Azərbaycanda yarandığı, qısa mövcudluğu dövründə ölkədə siyasi-iqtisadi islahatların həyata keçirildiyi, demokratik institutların təsis olunduğu qeyd edilib.
R.Teymurov Azərbaycan Demokratik Respublikasının mövcudluğunun uzun sürmədiyi, 28 aprel 1920-ci ildə qızıl ordu tərəfindən işğal olunan Azərbaycanın 70 il Sovet İttifaqının əsarətində mövcud olduğunu qeyd etmişdir. 70 illik əsarətdən sonra, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini çətinliklə və qurbanlar hesabına bərpa etdiyini, lakin müstəqilliyin ilk illərində siyasi və iqtisadi problemlərlə yanaşı Ermənistanın Azərbaycana qarşı işğalına məruz qaldığını, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və təcrübəsi sayəsində çətin vəziyyətdən xilas olduğunu qonaqların diqqətinə çatdırıb.
R.Teymurov, Heydər Əliyev siyasətinin davamçısı olan İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycanın bütün dünyada hörmətlə qarşılanan bir ölkəyə çevrildiyini, müstəqilliyin əldə edilməsindən bu günədək Azərbaycanın özünü sabit və multikultural ölkə, regional inkişafa və təhlükəsizliyə töhfə verən əhəmiyyətli beynəlxalq tərəfdaş kimi təqdim edə bildiyini qonaqların diqqətinə çatdırıb.
Səfir daha sonra Azərbaycanla Koreya arasında 25 illik diplomatik əlaqələrinə toxunub, son 25 ildə ölkələrimizin möhkəm ikitərəfli əlaqələr qurmağa nail olduğunu, ikitərəfli əlaqələrin vacibliyinin ölkə başçılarının diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə qarşılıqlı təbrik məktubları vasitəsilə qeyd edildiyini vurğulayıb.
R.Teymurov diplomatik münasibətlərin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən Koreya Respublikasının sabiq prezidenti Ro Mu – hyuna (Roh Moo-hyun) Koreyanın Milli bayramı - Dirçəliş günü münasibətilə ünvanlandığı təbrik məktubu ilə qoyulduğunu bildirib. O, eyni zamanda 2006-2007-ci illərdə dövlət başçıları səviyyəsində qarşılıqlı rəsmi səfərlərin ikitərəfli əlaqələrin inkişaf etdirilməsində əhəmiyyətindən danışıb, Koreyanın sabiq prezidenti Ro Mun-hyu ilə başlamış ikitərəfli əlaqələrin, Koreya Respublikasının yeni seçilmiş prezidenti Mun Ce-inin dövründə də davam edəcəyinə ümidvar olduğunu bildirib.
Daha sonra əsas qonaq qismində çıxış edən Koreya Ticarət, Sənaye və Enerji Nazirinin müavini İnho Li (Inho Lee) Koreya hökuməti adından Azərbaycan xalqını Respublikanın 99-cu ildönümü və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü münasibətilə təbrik edib, 28 may 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaradılmasının eyni zamanda milli kimliyin formalaşması günü kimi də tanındığını qeyd edib, dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini, ölkəmizin beynəlxalq idman və mədəniyyət mərkəzinə çevrildiyini, 1-ci Avropa Oyunları, Formula 1, 4-cü İslam Həmrəyli Oyunları, Beynəlxalq Caz Festivalı və digər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb.
Cənab Li Koreyanın yeni hökumətinin rəhbərliyi ilə ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf edəcəyinə əminlik ifadə edib.
Son olaraq tədbirdə çıxış edən Koreyanın Qyonqcu şəhərinin meri Çoi Yanq-şik Azərbaycan xalqını Respublika günü və diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə təbrik edib, mövcud dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Cənab Yanq-şik mart ayında Azərbaycanda səfərdə olduğunu, Qəbələ şəhəri ilə Qyonqcu arasında dostluq münasibətlərinin qurulmasına dair Sazişin imzalandığını, Azərbaycanda olduğu müddətdə ölkəmizin sürətli inkişafının şahidi olduğunu və qonaqpərvər Azərbaycan xalqı ilə Koreya xalqı arasında sıx bağlılığın olduğunu vurğulayıb. O, hər iki ölkənin dostluq əlaqələrinin qurulması istiqamətində birgə səylərin vacibliyini vurğulayıb və şəxsən özünün bu istiqamətdə əlindən gələni edəcəyini vəd edib.
Tədbirin rəsmi hissəsinin yekununda Azərbaycan və Koreya arasında elmi-mədəni, humanitar sahədə öz töhfəsini vermiş şəxslərə mükafatlar təqdim olunub.
Eyni zamanda, tədbirin keçirildiyi Hilton Mehmanxanasının lobbisində Azərbaycan və Koreya arasında diplomatik əlaqələrdən bəhs edən fotoşəkillərdən ibarət sərgi təşkil olunub.
Tədbirdə Azərbaycan və Koreya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə həsr olunmuş rəsmi loqo və SEBA Assosiasiyası ilə Səfirliyin birgə hazırladığı qısa film nümayiş etdirilib.
Tədbir qonaqların şərəfinə verilmiş rəsmi ziyafətlə başa çatıb.
Azərbaycan Respublikasının
Koreya Respublikasındakı Səfirliyi
Seul, 25 may 2017-ci il