2017-09-05

AR Milli Məclisinin sədri cənab Oqtay Əsədov Koreya Respublikasına rəsmi səfər etmişdir

24-28 iyun 2017-ci il tarixlərində AR Milli Məclisinin sədri cənab Oqtay Əsədov rəhbərlik etdiyi nümayəndə heyəti Koreya Respublikasına rəsmi və Avrasiya Ölkələri Parlament Sədrlərinin İkinci Müşavirəsində iştirak etmək məqsədilə səfərdə olmuşdur.

Səfər çərçivəsində Milli Məclisin sədri 26 iyun 2017-ci il tarixində Koreya Milli Assambleyasının Spikeri Çunq Syekyun (Chung Sye-kyun) geniş tərkibli görüş keçirilmişdir. Görüş zamanı tərəflər parlamentlərarası dostluq qruplarının fəaliyyətinin əhəmiyyəti vurğulamış, yeni təsis olunmuş dostluq qrupları arasında daha fəal əməkdaşlıq əlaqələrinin olmasının və ikitərəfli əlaqələrimizə öz töhfəsini verməsinin arzu olunduğunu bildirmişlər. Görüşdə həmçinin, siyasi, iqtisadi və mədəni sahədə ikitərəfli əməkdaşlıq imkanları müzakirə edilmişdir.

26 iyun 2017-ci il tarixində O.Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Koreya Respublikasının Baş Naziri Li Nak-yon (Lee Nak-yeon) ilə də geniş tərkibdə görüş keçirmişdir. Görüşdə Azərbaycanın mühüm nəqliyyat qovşağına çevrildiyini, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri və tarixi İpək yolunun bərpası istiqamətində mühüm layihələrin icra olunması haqda geniş məlumat verilmiş, həmçinmin qarşlıqlı iqtisadi əməkdaşlıq imkanları barəsində ətraflı fikir mübadiləsi aparılmışdır.

Daha sonra Seulda Avrasiya Ölkələri Parlament Sədrlərinin II Müşavirəsi çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədov Rusiya, İran və Çexiya tərəfinin müraciətinə uyğun olaraq ikitərəfli görüşlər keçirmişdir. Belə ki, 26 iyun tarixində Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə, 27 iyun tarixində isə Çexiya Parlamenti Deputatlar Palatasının sədri Yan Hamaçek və İran İslam Respublikası İslam Şura Məclisinin sədri Əli Laricani ilə görüşmüşdür.

26-28 iyun 2017-ci il tarixlərində Koreya Respublikasının Seul şəhərində Avrasiya Ölkələri Parlament Sədrlərinin İkinci Müşavirəsi keçirilmişdir. Tədbirdə çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov müşavirənin Avrasiyada parlamentlərarası əməkdaşlıq yolu ilə birgə rifahın yüksəldilməsi yollarının müəyyən edilməsinə töhfə verəcəyinə inandığını bildirmişdir. Təqribən bir il öncə Koreya və Rusiya parlamentləri sədrlərinin təşəbbüsü ilə Moskvada son dərəcə vacib bir mövzu ətrafında başlanmış fikir mübadiləsinin bu gün davam etməsindən məmnun olduğunu söyləmişdir. Bugünkü müşavirənin Avrasiya məkanında parlamentlərarası əməkdaşlıq yolu ilə birgə rifahın yüksəldilməsi yollarının müəyyən edilməsinə töhfə verəcəyi qeyd edilmişdir.

Tədbirin sonunda Koreya Respublikasının Milli Assambleyasının sədri Çunq Syekyun tərəfindən tədbir iştirakçılarına rəsmi şam ziyafəti verilmişdir. Ziyafət zamanı tədbirdə iştirak edən ölkələrin milli musiqiləri arasında Səfirliyin dəstəyi ilə Qarabağ Şikəstəsi və Sarı Gəlin musiqiləri səsləndirilmişdir.

Arxiv üzrə axtarış