2017-09-25

Səfir Rəmzi Teymurov Azərbaycan və Koreya arasında əlaqələrin inkişafına mühüm töhfə vermiş sabiq Prezident, mərhum Roh Mu-hyunun doğulduğu Gyeongsan-namdo əyalətinə səfər edib.

Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov Azərbaycan və Koreya arasında əlaqələrin inkişafına mühüm töhfə vermiş sabiq Prezident, mərhum Roh Mu-hyunun doğulduğu Gyeongsan-namdo əyalətinə səfər edib.

Səfər çərçivəsində Roh Mu-hyun Fondunun icraçı direktoru Co Ho-yonla görüş keçirilib, daha sonra mərhum Prezidentin məzarı ziyarət edilib. Ziyarət zamanı səfir xatirə kitabına ürək sözlərini yazıb və məzarın önünə əklil qoyub.

Daha sonra səfir mərhum Prezident Roh Mu-hyunun Kimhe şəhərinin yaxınlığında yerləşən evini ziyarət edərək həyat yoldaşı Kvon Yanq-sookla görüş keçirib. Görüş zamanı Azərbaycana ilk səfər etmiş Prezident Rohun ölkələrimiz arasında əlaqələrin inkişafına müstəsna töhfə verdiyi qeyd edilib.

Cari ildə Azərbaycan və Koreya arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünün hər iki ölkədə qeyd olunduğu bildirilib, həmçinin səfirlik tərəfindən Azərbaycan-Koreya əlaqələrinin inkişafına töhfə vermiş Koreyanın ictimai-siyasi xadimlərinin yad edildiyi vurğulanıb. Bu çərçivədə Roh Mu-hyunun xatirəsinin anılmasının vacibliyi diqqətə çatdırılıb. Belə ki, Azərbaycan-Koreya əlaqələrinin inkişafının təməlinin məhz Prezident Roh Mu-hyunun 2006-cı ildə Azərbaycana və Azərbaycan Prezidenti İlham Əliyevin Koreyaya rəsmi səfərləri ilə qoyulduğu vurğulanıb. Qeyd olunan səfərlər çərçivəsində bir sıra mühüm sənədlərin imzalandığı və hər iki ölkədə səfirliklərin açıldığı bildirilib.

Xanım Kvon Yanq-sook öz növbəsində Azərbaycan səfirinin ziyarətini yüksək qiymətləndirdiyini söyləyib. O, Azərbaycanla bağlı xoş xatirələrini dilə gətirərək Bakının əsrarəngiz gözəlliyinin xatirələrində hələ də yaşadığını bildirib. Xanım Kvon Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə həmin dövrdə keçirilmiş görüşlərin onda xüsusi təəssürat yaratdığını qeyd edib.

Görüş zamanı, həmçinin qarşılıqlı yüksək səfərlər zamanı çəkilmiş fotoşəkillərdən ibarət səfirlik tərəfindən hazırlanmış fotoalbom mərhum Prezidentin həyat yoldaşına təqdim edilib.

      

Arxiv üzrə axtarış