2017-09-25

Azərbaycanın müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti Seul Müdafiə Dialoqunun 6-cı toplantısında iştirak edib

Koreya Respublikasının paytaxtında Asiya-Sakit okean və Koreya yarımadasında çoxtərəfli təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirəsi məqsədilə Seul Müdafiə Dialoqunun 6-cı toplantısı keçirilib.

46 ölkənin və 5 beynəlxalq təşkilatın təmsilçilərinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

Tədbirin açılış mərasimində Koreya Respublikasının Baş naziri Li Nak-yeon, müdafiə naziri Sonq Younq-mu çıxış ediblər.

Müzakirələrdə iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri K.Vəliyev çıxışında sürətlə artan münaqişələrin həlli istiqamətində çoxtərəfli əməkdaşlıq formatının vacib olduğunu deyib. O, Qafqaz regionunda mövcud olan münaqişələrə toxunaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Nazir müavini regionun inkişafına və təhlükəsizliyinə mənfi təsir göstərən münaqişənin həllinin uzanmasının işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyindən irəli gəldiyini diqqətə çatdırıb.

Toplantı çərçivəsində Koreya Respublikası tərəfinin təşəbbüsü iki ölkənin müdafiə qurumları arasında qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə ikitərəfli görüş keçirilib. Görüşdə Koreya Respublikası müdafiə nazirinin müavini Suh Ço-suk Azərbaycanın ilk dəfə olaraq Seul Müdafiə Dialoqunun tədbirində təmsil olunmasına görə təşəkkürünü bildirib, gələcəkdə də Azərbaycanın bu tədbirdə iştirakının arzu olunduğunu deyib.

Suh Ço-suk 2013-cü ildə Azərbaycanın və Koreya Respublikasının müdafiə qurumları arasında imzalanmış qarşılıqlı əməkdaşlığa dair Saziş çərçivəsində əlaqələrimizin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, Şimali Koreyanın nüvə silahının əldə etmə istəyinin və son zamanlar davamlı olaraq orta və uzaq mənzilli ballistik raket sınaqlarının həyata keçirməsi cəhdlərinin yalnız Koreya yarımadasında deyil, bütövlükdə region üçün ciddi təhlükə doğurduğunu bildirib. Bununla bağlı, BMT Təhlükəsizlik Şurası tərəfindən Şimali Koreyaya qarşı saysız iqtisadi sanksiyaların tətbiq olunmasına baxmayaraq, KXDR-in sözügedən istiqamətdə addımlarının davam etdiyini söyləyib.

Azərbaycan müdafiə nazirinin müavini K.Vəliyev Seul Müdafiə Dialoqu çərçivəsində təhlükəsizlik mövzusunda aparılan müzakirələrin əhəmiyyətli olduğunu bildirib. O, cari ildə Azərbaycan ilə Koreya Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü olduğunu yada salaraq, bununla bağlı hər iki ölkədə bir sıra tədbirlərin keçirildiyini söyləyib. K.Vəliyev 2006-2007-ci illərdə dövlət başçılarının qarşılıqlı səfərlərindən sonra bir çox sahələrdə olduğu kimi, iki ölkənin müdafiə qurumları arasında da sıx əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırıb. Həmçinin 2013-cü ildə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Koreya Respublikasına rəsmi səfəri çərçivəsində imzalanmış qarşılıqlı əməkdaşlığa dair Sazişin qurumlarımız arasında əməkdaşlıq üçün geniş imkanlar yaratdığı bildirilib.

K.Vəliyev Koreya yarımadasında yaranmış vəziyyətin danışıqlar yolu ilə həll ediləcəyinə ümidvar olduğunu söyləyib, bu istiqamətdə beynəlxalq təşkilatlar çərçivəsində aparılan müzakirələrin əhəmiyyətini vurğulayıb.

Nazir müavini həmkarını Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həllində Ermənistanın qeyri-konstruktiv mövqeyi barədə məlumatlandırıb. Bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü və Azərbaycan ərazilərini işğal etməsi faktlarının beynəlxalq təşkilatlar tərəfindən təsdiq olunmasına baxmayaraq, ikili standartların mövcudluğu ucbatından Ermənistanın təcavüzü hələ də davam edir.

Arxiv üzrə axtarış