Azərbaycan şərabı Koreyada keçirilmiş beynəlxalq müsabiqədə bürünc medala layiq görülmüşdür
Koreya Respublikasında yerli və xarici şərab istehsalçıları barədə məqalələr və reklamlar dərc edən aylıq “Wine Review” jurnalının təşkilatçılığı ilə 13-cü “Korea Wine Challenge 2017” beynəlxalq şərab yarışması keçirilmişdir.
Sözügedən yarışmada 23 ölkədən (Fransa, İtalya, Argentina, Çili, Portuqaliya, İspaniya və s.) 810 növ şərab iştirak etmişdir.
Azərbaycan şərab istehsalçılarının sözügedən yarışmada iştirak etməsi üçün Azərbaycan Respublikasının Koreyadakı Səfirliyi tərəfindən müvafiq iş görülmüş və nəticədə Azərbaycanın “ASPİ Winery” şirkəti yarışmada iştirak etmişdir.
Adıçəkilən yarışmada “ASPİ Winery” şirkətinin “Savalan Syrah Special Edition 2012” şərabları bürünc medal qazanmışdır.
Yarışmanın nəticələrinə uyğun olaraq qalib şirkətlərin istehsal etdiyi şərablar barəsində məlumat Koreyanın kütləvi informasiya vasitələrində nümayiş etdirilmiş və bu məlumat Koreyanın aidiyyəti üzrə fəaliyyət göstərən müvafiq iş adamlarına ünvanlanmışdır.
Eyni zamanda, Koreyada şərabçılığın təşviq edilməsi üzrə ən məşhur jurnal olan “Wine Review” jurnalında qalib şirkətlər barəsində məqalə çap olunmuşdur.
Qeyd edək ki, “Korea Wine Challenge” Koreyanın ən böyük şərab yarışması olaraq 13 ildir keçirilməkdədir.