“Azərbaycanda məscidlər, sinaqoqlar, kilsələr və məbədlər kaleydoskopik mozaikanı yaradan mənzərəni tamamlayırlar. Bir çox müsəlman ölkələrindən fərqli olaraq Azərbaycanda təriqətlərarası gərginlik yoxdur. Bütün bunlar Azərbaycandakı dini tolerantlığın açıq-aşkar göstəricisidir”. Bu fikirlər Koreya Respublikasında nəşr olunan nüfuzlu “The Korea Herald” qəzetində dərc olunmuş “Liberal İslam qloballaşma ilə uzlaşır” adlı məqalədə əks olunub.
Ölkəmizin Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov ilə müsahibə əsasında hazırlanan məqalədə qeyd olunub ki, Azərbaycan Cənubi Qafqaz regionunda, Avropa və Asiyanı birləşdirən, əhalisinin əksər hissəsi müsəlmanlardan ibarət dövlətdir. Hər zaman tolerant ölkə kimi tanınan Azərbaycanda dini və milli zəmində heç vaxt qarşıdurma, radikal dini təşkilatlanma olmayıb. Azərbaycan hökuməti bütün dini icmaları, onların ibadət məkanlarını himayə edir. Beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunmasına baxmayaraq, erməni kilsəsi hesab olunan Bakıdakı Müqəddəs Qriqori kilsəsi bu gün də mühafizə edilir.
Müəllif bildirir ki, Azərbaycan ərazisində tarixən mövcud olan dini abidələr, o cümlədən zərdüştlük məbədləri, ortodoks, Alban və katolik kilsələri, sinaqoqlar, məscidlər, ziyarətgahlar, müxtəlif dövrlərdə inşa olunmuş memarlıq nümunələri ölkənin tanıdılması baxımından böyük əhəmiyyət daşıyır. Bütün bu amillərin Azərbaycanda turizmin inkişafına müsbət təsir göstərdiyi, son iki ildə ölkəni ziyarət edən turistlərin sayının xeyli artdığı diqqətə çatdırılıb.
“The Korea Herald”ın məqaləsində bildirilir ki, Azərbaycana səfər edən turistlərinin sayının artmasına təsir edən digər amillərdən biri də son illər ölkədə beynəlxalq əhəmiyyətli tədbirlərin, forumların, idman yarışlarının, o cümlədən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Avroviziya mahnı müsabiqəsi, Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışlarının təşkil edilməsidir.
Məqalədə İslam dininə qarşı dünyada bəzi dairələr tərəfindən aparılan yanlış kampaniyadan söz açılıb. Səfir R.Teymurovun İslamın sülh dini olması, bəzi radikal qruplaşmaların İslam adından terror və zorakılıq aktları törətməsinin əslində İslam dini ilə heç bir əlaqəsi olmaması barədə fikirlərinə yer verən müəllif qeyd edir ki, İslam dini, onun müqəddəs kitabı “Qurani-Kərim” insanları öldürməyi və terrorçuluq fəaliyyətini təşviq etmir.