2018-02-27

Seulda idman nazirlərinin görüşü keçirilib

12 fevral 2018-ci il tarixdə Seulda 2018-ci il Pyonqçanq Qış Olimpiya oyunları çərçivəsində Koreya Mədəniyyət, İdman və Turizm nazirliyinin təşkilatçılığı ilə keçirilmiş İdman Nazirlərinin görüşündə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin müavini, Azərbaycan nümayəndə heyətinin rəhbəri İsmayıl İsmayılov iştirak etmişdir.

Tədbirdə Azərbaycanla yanaşı Türkiyə, Gürcüstan, Qazaxıstan, Fransa, Serbiya, Lixtenşteyn, Monqolustan, Taylandın Gənclər və İdman nazirləri, eləcə də, Ümumdünya Antidopinq Agentliyinin Prezidenti iştirak etmişlər.

Görüş zamanı çıxış edən nazirlər müvafiq olaraq təmsil etdikləri ölkələrin idman sahəsində əldə etdikləri uğurlar, qarşıda duran planlar və layihələr, idman sahəsində üzləşdikləri problemlər barədə danışmış, bu kimi görüşlərin keçirilməsinin ölkələrin idman qurumları arasında işgüzar və qarşılıqlı əlaqələrin qurulmasına xidmət edəcəyinə, birgə səylər nəticəsində idman dəyərlərinin cəmiyyətdə daha kütləvi surətdə yayılmasına şərait yaradacağına əminlik ifadə etmişlər.

Eyni zamanda, tədbirdə çıxış edən Ümumdünya Antidopinq Agentliyinin Prezidenti Kreyq Ridi (Craig Reedie) Agentliyin fəaliyyətindən, antidopinq siyasətinin əhəmiyyətindən danışmış, idmançıların beynəlxalq yarışlarda dopinq hesabına deyil öz gücləri hesabına nailiyyət əldə etmələrinin vacibliyini qeyd etmişdir. O, təəssüf hissi ilə bildirmişdir ki, hər il dopinqlə mübarizə üçün milyonlarla vəsait xərclənməsinə baxmayaraq, dopinq skandalları baş verməkdə davam edir və aktuallığını qoruyur.

Tədbirdə çıxış edən Azərbaycanın Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə müxtəlif sahələrdə, o cümlədən idman sahəsində həyata keçirilən tədbirlər barədə geniş məlumat vermiş, Azərbaycanda idmana və Olimpiya hərəkatına dövlətimizin başçısı İlham Əliyev tərəfindən yüksək səviyyədə diqqət və qayğı göstərildiyini bildirmişdir. Ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq yarışlar barədə də məlumat verən nazir müavini qeyd etmişdir ki, Azərbaycanda idmanın inkişafı və Olimpiya hərəkatının genişlənməsi kütləvi xarakter aldığından idman dəyərləri cəmiyyətdə aparıcı mövqelərdən birinə malikdir.

Görüş qonaqların şərəfinə təşkil olunmuş mədəni proqram və şam yeməyi ilə yekunlaşmışdır.

Arxiv üzrə axtarış