2019-07-08

Seulda Azərbaycan Diplomatik Xidmət orqanlarının 100 illik yubileyi və Respublika gününə həsr olunan rəsmi qəbul təşkil edilib

Koreya Respublikasının paytaxtı Seulda Azərbaycan Diplomatik Xidmət orqanlarının 100 illik yubileyi və Respublika günü münasibətilə rəsmi qəbul keçirilib.

Tədbirdə dövlət rəsmiləri, o cümlədən Xarici İşlər nazirinin iqtisadi məsələlər üzrə müavini, Koreya Xarici İşlər nazirinin müavini – Dövlət Protokol İdarəsinin rəisi, Koreya Milli Assambleyasının deputatları, Seulda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, aparıcı Koreya şirkətlərinin, elmi-ictimai təşkilatların nümayəndələri, ali təhsil ocaqları və beyin mərkəzlərinin təmsilçiləri, Koreyada təhsil alan azərbaycanlı tələbələr və diaspor üzvləri iştirak ediblər.

            Azərbaycan və Koreya himnləri ilə başlayan tədbirdə Səfir Rəmzi Teymurov çıxış edərək 2018 və 2019-cu illərin Azərbaycan xalqı, o cümlədən diplomatik xidmət orqanları əməkdaşları üçün əlamətdar olduğunu, 2019-cu ildə Diplomatik Xidmət orqanlarının 100-cü ildönümünün qeyd edildiyini diqqətə çatdırıb. O bildirib ki, ADR Xarici İşlər Nazirliyinə aid tapılmış ilk rəsmi sənəd - 1919-cu il 9 iyul tarixli XİN-in katibliyinə dair müvəqqəti təlimat Diplomatiya gününün əsasını təşkil edib.

Cümhuriyyətin qurucularının 100 il əvvəlki uğurlarından bəhs edən Səfir R.Teymurov tədbir iştirakçılarına müsəlman dünyasında ilk dünyəvi, demokratik, parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və rolu barədə danışıb. O bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq miqyasda tanınmasına nail olmaq üçün Azərbaycan nümayəndə heyətinin Parisə ezamiyyətə gedib, Paris Sülh Konfransının Ali Şurası tərəfindən rəsmi olaraq tanındıqdan sonra AXC xarici ölkələrlə diplomatik əlaqələrini genişləndirməyə başlayıb, 16 ölkənin Bakıda səfirlikləri fəaliyyətə başlayıb və əsasən qonşu ölkələrdə olmaqla Azərbaycanın bir sıra xarici ölkədə səfirlikləri açılıb.  R.Teymurov, 1920-ci ilin yanvarında Paris Sülh Konfransında müstəqilliyi beynəlxalq ictimaiyyət tərəfindən tanınan AXC-nin cəmi 23 aylıq mövcudluğu dövründə bir çox siyasi-iqtisadi islahatlar həyata keçirdiyini, demokratik institutlar təsis etdiyini, bir çox qərb ölkələrindən də əvvəl qadınlara seçib-seçilmək hüququ verdiyini bildirib.

R.Teymurov 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini çətinliklə və qurbanlar hesabına bərpa etdiyini, müstəqilliyin ilk illərində siyasi və iqtisadi problemlərlə yanaşı, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə, etnik təmizləmə və soyqırımına məruz qaldığını diqqətə çatdırıb.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və təcrübəsi sayəsində ölkə çətin vəziyyətdən xilas olaraq, inkişaf mərhələsinə qədəm qoyub. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın uğurlu inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın özünü sabit, sürətlə tərəqqi edən və multikultural ölkə, regional inkişafa və təhlükəsizliyə töhfə verən əhəmiyyətli beynəlxalq tərəfdaş kimi təqdim etdiyi qeyd olunub. O, bu gün Bakı şəhərinin Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu, Formula 1, 2019-cu il UEFA Avropa Liqasının Final matçı kimi bir sıra mühüm beynəlxalq humanitar və idman tədbirlərinin mərkəzinə çevrildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

R.Teymurov bildirib ki, 28 illik müstəqillik dövründə Azərbaycan xarici ölkələrlə qarşılıqlı faydalı dostluq münasibətləri qurub, bir sıra mötəbər beynəlxalq təşkilata üzv qəbul edilib. Bu illər ərzindən diplomatiyamızın uğurlarından bəhs edən Səfir R.Teymurov 2012-13-cü illərdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini müstəqil Azərbaycanın xarici siyasətinin ən önəmli uğurlarından biri kimi qeyd edib. O, eyni zamanda, cari ildə Qoşulmama Hərəkatının 18-ci Sammitinin də məhz Azərbaycanda keçiriləcəyini tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Azərbaycan ilə Koreya Respublikası arasında əlaqələrdən söz açan R.Teymurov, ötən müddətdə ölkələrimizin möhkəm ikitərəfli əlaqələr qurmağa nail olduğunu deyib. O, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin əlaqələrimizin möhkəmlənməsinə böyük töhfə verdiyini bildirib.

R.Teymurov ölkələr arasında əlaqələrin yüksək səviyyədə olduğunu, Azərbaycan hökumətinin Koreyanın iqtisadi və ticari əməkdaşlıq üzrə prioritet ölkələr sırasında gördüyünü, digər sahələrdə də əlaqələrimizin sürətlə inkişaf etdiyini qeyd edib.

Koreya Xarici İşlər Nazirinin iqtisadi məsələlər üzrə müavini Yun Kanq – Hyon (Yun Kang Hyeon) Koreya hökuməti adından Azərbaycan Diplomatik xidmət orqanlarının 100-cü ildönümü və Respublika günü münasibətilə Azərbaycan xalqını təbrik edib. 

O, 2019-cu ilin Koreya üçün də əlamətdar il olduğunu, 1919-cu il 1 mart tarixində Müstəqillik Bəyannaməsini elan etməsinin 100-cü ildönümünün qeyd edildiyini bildirib. O, Koreya və Azərbaycanın oxşar tarixə malik olduqlarını, hər iki xalqın tarixdə çətinliklərə məruz qaldıqlarını, buna baxmayaraq öz milli və mədəni mənsubiyyətini qoruyub saxladıqlarını və milli inkişafını uğurla həyata keçirməyə nail olduqlarını vurğulayıb. Nazir müavini bildirib ki, hər iki ölkənin dili Altay dil qrupu ailəsinə aiddir və hər iki xalqın mədəniyyətində böyüklərə hörmət və möhkəm ailə bağları önəmli yer tutur.

Y.Kanq-Hyon ölkələr arasında əlaqələrin 2006-2007-ci illərdə ölkə başçılarının qarşılıqlı səfərlərindən sonra xüsusilə yüksələn xətlə inkişaf etdiyini, iki ölkə arasında bütün sahələrdə, xüsusilə iqtisadi sahədə əlaqələrin inkişaf etdiyini bildirib. Nazir müavini Koreya hökumətinin Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrinin davamlı inkişafı naminə səylərini davam etdirəcəyini vurğulayıb.

Tədbirdə Dövlət Turizm Agentliyinin yeni turizm brendi “Take another look” loqosu əsasında hazırlanmış foto stend və banerlər yerləşdirilib, İrs(Heritage) jurnallarının Azərbaycan Diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş sayı qonaqlara paylanılıb.

Arxiv üzrə axtarış