Sevinc Nuruqızının "Süreyyanın izində" hekayəsi Koreya Respublikasında Azərbaycan, Koreya və İngilis dillərində işıq üzü görüb.
Azərbaycan Respublikasının Koreyadakı Səfirliyi və Koreyada fəaliyyət göstərən Asiya Mədəniyyət Mərkəzi arasında 2019-ci ildə imzalanmış Anlaşma Memorandumu çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə
uşaq nağılları yazıçısı Sevinc Nuruqızının "Süreyyanın izində" hekayəsi Koreya Respublikasında Azərbaycan, Koreya və İngilis dillərində işıq üzü görüb.
Kitabda cəbhə bölgəsində yaşayan Sürəyya, onun gəlinciyi Cuppulu və sevimli göyərçini Ağcanın dostluğundan bəhs olunur.
Koreya dilinə tərcüməçisi Jehong Hee Lee olan kitab, hekayənin baş qəhrəmanı Sürəyyanın şərəfinə "Sürəyyanın izində" adlandırılıb. Müharibə gedən bölgələrdə yaşayan azərbaycanlı uşaqların çətin həyatından bəhs edən kitab "Uşaqlar, gəlinciklər və göyərçinlər sülh istəyir" başlığı ilə nəşr edilib.
Kitabın çapa hazırlandığı dövrdə nəşrin rəssamı Vho Hee Cho Azərbaycanda yaradıcılıq səfərində olub, yazıçı Sevinc Nuruqızı isə Asiya Mədəniyyət Mərkəzinin dəvəti ilə Koreyanın Kvanju şəhərində keçirilən vorkşoplarda iştirak edib.
Qeyd edək ki, sözügedən layihə Azərbaycanın Koreyakı Səfirliyi və Asiya Mədəniyyət Mərkəzinin birgə əməkdaşlığı nəticəsində ərsəyə gəlmiş ikinci uğulu layihədir. Belə ki, birgə əməkdaşlıq çərçivəsində 2019-cu ildə Koreyanın Kvancu şəhərində Azərbaycan xalçaçılıq sənəti mövzusunda tədbir keçirilmişdi.