2022-09-20

Diasporumuz Ermənistanın təxribatına etiraz məqsədilə Koreya Respublikasının parlamentinə müraciət edib

Koreya Respublikasında yaşayan Azərbaycan icması ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribata etiraz məqsədilə respublika parlamentinə müraciət edib.

“Buta” Azərbaycan-Koreya Dostluq Assosiasiyası adından koreyalı parlamentarlara ünvanlanan müraciətdə Ermənistan silahlı qüvvələri bölmələrinin sentyabrın 12-də gecədən başlayaraq törətdikləri hərbi təxribat barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusunun mülki əhalini, obyektləri və infrastrukturu hədəfə alması barədə Ermənistan tərəfindən yayılan məlumatlar həqiqəti əks etdirmir, rəsmi İrəvanın yaydığı növbəti dezinformasiyadır. Baş vermiş təcavüz, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.

Koreya Respublikasında yaşayan Azərbaycan icmasının beynəlxalq hüququn normalarına məhəl qoymayan Ermənistanın təcavüzkar siyasəti nəticəsində yaranmış duruma görə dərin narahatlıq hissi keçirdiyi, Azərbaycanın təşəbbüsü və Avropa Birliyinin vasitəçiliyi ilə aparılan normallaşma və sülh danışıqları prosesinə rəsmi İrəvanın hər vəchlə mane olmağa çalışdığı diqqətə çatdırılıb.

Soydaşlarımız Koreya Respublikası parlamentini beynəlxalq müstəvidə Ermənistanın təcavüzkarlıq siyasətinə, revanşizm ideyalarına birdəfəlik son qoyulması və sülhə sövq edilməsi istiqamətində səyləri gücləndirməyə və əməli addımlar atmağa çağırıblar.

Arxiv üzrə axtarış