2022-09-22

Azərbaycan diplomatı Koreya ictimaiyyətini Ermənistanın təxribatları barədə məlumatlandırıb

Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyinin müşaviri Vasif Əliyev Ermənistanın son hərbi təxribatları ilə bağlı yerli ictimaiyyətin məlumatlandırılması məqsədilə “TBSeFM” radiosunun “Bu səhər” proqramına canlı müsahibə verib.

Müsahibə zamanı koreyalı jurnalistin suallarına cavab olaraq keçmiş Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verilib. Bu xüsusda, 1980-ci illərin sonlarından etibarən Ermənistanın təcavüzkar siyasəti nəticəsində azərbaycanlıların Ermənistandan qovulması, 1990-cı illərin əvvəllərindən isə Azərbaycan torpaqlarının işğalı və azərbaycanlıların öz yurdlarından didərgin salınması barədə bəhs edilib. Azərbaycan torpaqlarının işğalının 30 ilə yaxın müddət ərzində davam etməsi, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icra olunmamasından danışılıb.

Qeyd olunub ki, 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edilərək, Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Azad edilmiş ərazilərdə hazırda genişmiqyaslı bərpa-quruculuq layihələri həyata keçirilir.

Müsahibə zamanı sentyabrın 12-dən etibarən Ermənistan ordusunun şərti sərhəd bölgəsində törətdiyi təxribat və onun səbəbləri barədə məlumat verilib. Bu xüsusda, Ermənistanın son zamanlar Kəlbəcər və Laçın rayonları istiqamətində atəşkəsi tez-tez pozması, 10 noyabr üçtərəfli Bəyanatının müddəalarına zidd olaraq, indiyədək öz silahli birləşmələrini Azərbaycan ərazisindən çıxarmaması, əksinə ərazilərimizdə kütləvi şəkildə minalar basdırması diqqətə çatdırılıb. Həmçinin tərəflər arasında sülh sazişinin imzalanması, eləcə də nəqliyyat kommunikasiyalarının açılmasına dair Azərbaycanın təkliflərinin Ermənistan tərəfindən müxtəlif bəhanələrlə cavabsız qoyulması, yaxud vaxtın uzadılması barədə məlumat verilib.

Bundan başqa, müsahibənin gedişində ABŞ Nümayəndələr Palatası spikerinin Ermənistanda səsləndirdiyi qərəzli fikirlərə münasibət bildirilib. Həmin fikirlərin əsassız olması diqqətə çatdırılaraq, spikerin Azərbaycan ərazilərinin işğal altında qaldığı 30 ilə yaxın müddətdə bir dəfə də olsun Ermənistanın işğalçılıq siyasətini pisləyən bəyanat verməməsinə, yaxud bu yöndə fikir bildirməməsinə diqqət çəkilib.

Arxiv üzrə axtarış