2022-11-07

Cənubi Koreya mediası: Azərbaycan Vətən müharibəsində qazandığı Zəfərin ikinci ildönümünü qeyd edir

Cənubi Koreyanın “Naewoeilbo” qəzeti və “Korea Post” media qrupuna aid xəbər portalları Koreya və ingilis dillərində “Azərbaycan Vətən müharibəsində qazandığı Zəfərin ikinci ildönümünü qeyd edir” başlıqlı məqalələr yayıb.

Məqalələrdə Azərbaycan ərazisinin təxminən 20 faizinin 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qaldığı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri də daxil olmaqla, beynəlxalq ictimaiyyətin işğala dərhal son qoyulması ilə bağlı qərarlarına Ermənistanın məhəl qoymadığı, danışıqlar prosesinin Ermənistanın aqressiv yanaşması səbəbindən nəticə vermədiyi vurğulanıb. Qeyd olunub ki, 2 il əvvəl Ermənistanın növbəti təxribatına cavab olaraq, başlayan əks-hücum əməliyyatının gedişində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ermənistanın işğalına son qoyub, ərazi bütövlüyünü bərpa edib. Azərbaycan təkbaşına BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edib.

Bildirilib ki, Azərbaycan həm döyüş meydanında, həm də siyasi müstəvidə mübarizədə qalib olub. Azərbaycan xalqı bu qələbəni 30 il gözləyib.

Məqalələrdə vurğulanıb ki, 30 illik işğal dövründə həmin ərazilər, binalar, tarixi abidələr, məscidlər, məzarlıqlar dağıdılıb. Amma Azərbaycan həmin əraziləri bərpa edərək, dünyanın ən cəlbedici məkanlarından birinə çevirəcək.

 

Mənbə: Azərtac

 

 

Arxiv üzrə axtarış