Şuşa şəhəri Tarixi Şəhərlər Liqasına üzv seçilib
Tarixi Şəhərlər Liqasının (TŞL) noyabrın 14-16-da Cənubi Koreyanın Andonq şəhərində keçirilən 18-ci Dünya Konfransı çərçivəsində keçirilən Baş Assembleyanın iclasında Şuşa şəhərinin liqaya üzvlüyü elan edilib.
Bildirilib ki, TŞL-in baş katibi Shibata Shigenori çıxış edərək, Şuşanın liqaya üzv seçilməsini elan edib. Daha sonra Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov çıxış edərək, Şuşanın tarixi və mədəni əhəmiyyəti, işğal dövründə ermənilər tərəfindən törədilən vandallıq və Şuşada aparılan abadlıq və quruculuq işləri barədə Baş Assembleyanın iştirakçılarına məlumat verib.
Qeyd edək ki, TŞL dünyanın fərqli ölkələrindən 126 şəhəri özündə birləşdirən beynəlxalq platformadır. TŞL çərçivəsində fərqli şəhərlər tarixi-mədəni irsin qorunması, tarixi-mədəni abidələrin qorunması və üzv şəhərlərin turizm potensialının artırılması istiqamətində sıx əməkdaşlıq edirlər.
Mənbə: Azərtac