Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi Koreyada anılıb.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq 9 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Koreyadakı səfirliyində tədbir keçirilib.
Ulu Öndərin səfirlikdəki guşəsi önünə əklil qoyulub, xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Azərbaycanın Koreyadakı səfiri Ramin Həsənov ömrünü Azərbaycanın inkişafına həsr etmiş Ümummilli Lider Heydər Əliyevin Vətənimiz qarşısında tükənməz xidmətlərindən bəhs edib. Bildirib ki, Heydər Əliyev tariximizə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz məktəbdir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Səfir vurğulayıb ki, vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görə bu günlərdə Ümummilli Lider Heydər Əliyevin anım günü ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur. Diqqətə çatdırıb ki, Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd edib ki, məhz bu məqsədyönlü siyasət nəticəsində ölkəmiz bütün sahələrdə mühüm nailiyyətlər əldə edib və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tərəfindən işğal altında olan torpaqlarımız düşmən əsarətindən azad olunub. Ramin Həsənov ömrünü Vətəninin inkişafına və çiçəklənməsinə həsr etməklə Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış dünya miqyaslı siyasi xadim, ulu öndər Heydər Əliyevin xatirəsinin xalqımızın qəlbində əbədi olaraq qalacağını vurğulayıb.
Tədbirdə diaspora nümayəndələri, Koreyada təhsil alan azərbaycanlı tələbələr və digər qonaqlar iştirak ediblər.
Səfir və qonaqlar Ümummilli Lider haqqında xoş xatirələrini bölüşüblər.