2023-01-20

20 Yanvar şəhidlərinin xatirəsi Koreya Respublikasında anılıb.

 

          Koreya Respublikasındakı səfirliyimizdə 20 Yanvar faciəsinin 33-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

 

          Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

          Səfir Ramin Həsənov 1990-cı ilin 20 yanvar tarixində Sovet ordusu tərəfindən Azərbaycanda törədilmiş faciə və Azərbaycanın müstəqilliyi uğrunda küçələrə çıxmış dinc sakinlərə qarşı törədilmiş cinayətlər haqqında geniş məlumat verib. O, həmin dövrdə SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli siyasətindən bəhs edib, keçmiş SSRI silahlı qüvvələrinin ağır zirehli texnikaya malik hərbi kontingentinin Azərbaycana yeridilməsi nəticəsində günahsız insanların qətlə yetirilməsinin yeni tariximizin qanlı səhifələrindən biri kimi xatirələrdə qalacağını bildirib. 20 Yanvarın ümumxalq matəm günü olması ilə yanaşı, həm də yaxın tariximizin ən şanlı səhifələrindən biri olduğunu vurğulayan Səfir törədilmiş bu cinayətin Azərbaycan xalqının dövlət müstəqilliyini bərpa etmək iradəsini və əzmini qıra bilmədiyini, əksinə daha da gücləndirdiyini vurğulayıb. Həmin hadisələrə siyasi-hüquqi qiymət verilməsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xidmətlərini xüsusilə qeyd edən Səfir 20 Yanvar faciəsinin törədilmə səbəbləri və nəticələri barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasının əhəmiyyətini diqqətə çatdırıb.

           İştirakçılar Qanlı Yanvar hadisələrini əks etdirən fotosərgi ilə tanış olublar.

Arxiv üzrə axtarış