2023-01-26

Azərbaycan Respublikasının Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov etimadnaməsini Koreya Respublikasının Prezidenti cənab Yun Sok Yola təqdim edib.

 

 

26 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov etimadnaməsini bu ölkənin Prezidenti cənab Yun Sok Yola təqdim edib.

Səfir R.Həsənov Koreyanın regionda Azərbaycan üçün əsas tərəfdaşlardan biri olduğunu və ölkəmizin Koreya ilə əməkdaşlığa böyük önəm verdiyini bildirib. O, ölkələrimiz arasında siyasi dialoqdan, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıqdan məmnunluğumuzu ifadə edib, eləcə də insanlarımız arasında əlaqələrin səviyyəsinin intensiv olduğunu diqqətə çatdırıb. Bütün sahələrdə əməkdaşlığımızın dərinləşdirilməsi üçün daha böyük potensialın mövcud olduğuna dair qənaətimizi bölüşüb və bu istiqamətdə koreyalı tərəfdaşlarımız ilə birlikdə addımlar atmağa hazırolduğumuzu bildirib.

Koreya Respublikasının Prezidenti Yun Sok Yol səfir R.Həsənovu təbrik edib və səfir kimi vəzifə müddəti ərzində Koreya ilə ölkələrimiz arasında ikitərəfli əlaqələrin dinamik inkişaf edəcəyindən əminliyini ifadə edib. Koreya Prezidenti özünün və rəhbərlik etdiyi hökumətin ölkələrimiz ilə ikitərəfli əməkdaşlığın inkişafı, habelə dünyada sülh və əmin-amanlıq üçün səylər göstərəcəyini bildirib. Azərbaycanın Koreya üçün vacib tərəfdaş olduğunu diqqətə çatdırıb.

Arxiv üzrə axtarış