2023-05-10

Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə Cənubi Koreyada tədbir təşkil olunub  

 

10 may 2023-cü ildə Seul şəhərində Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev 100: həyatı və irsi” başlığı altında tədbir keçirilib.

 

Səfir Ramin Həsənov müasir Azərbaycan dövlətinin memarı, görkəmli siyasi xadim Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən, müxtəlif dönəmlərdə verdiyi taleyüklü qərarlardan və atdığı tarixi addımlardan danışıb.

 

O, həmişə Azərbaycanın gələcəyi haqqında düşünən Ulu Öndər Heydər Əliyevin hələ sovetlər dönəmində respublikaya başçılıq edərkən Azərbaycanın tərəqqisini hər zaman diqqət mərkəzində saxladığını qeyd edib. 1993-cü ildə Azərbaycanın ən çətin anlarında yenidən hakimiyyətə gələn Heydər Əliyevin ömrünün son 10 ilini Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə və çiçəklənməsinə həsr etdiyini vurğulayıb.

 

Səfir, Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş siyasi kursun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın dünya dövlətləri arasında öz layiqli yerini tutduğunu, böyük nüfuza, şaxələndirilmiş iqtisadiyyata və beynəlxalq arenada söz sahibi olan güc mərkəzinə çevrildiyini diqqətə çatdırıb.

 

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə müzəffər Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad edildiyini və ölkəmizin ərazi bütövlüyünün təmin olunduğunu bildirib. Qarabağın, xüsusilə Şuşa şəhərinin azad edilməsinin Ulu Öndərin ən böyük arzusu olduğunu vurğulayıb.

 

Tədbir Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən qısametrajlı video çarxın nümayişi və peşəkar koreyalı musiqiçilərinin ifasında Azərbaycan və xarici bəstəkarların klassik əsərlərindən ibarət konsert proqramı ilə davam etdirilib. Sonda qonaqlara ziyafət verilib.

 

Tədbirdə Koreyanın ictimai-siyasi dairələri, kütləvi informasiya vasitələrinin nümayəndələri, ali təhsil müəssisələrinin və elmi-tədqiqat institutlarının əməkdaşları, eləcə də Koreyada yaşayan Azərbaycan diasporasının üzvləri iştirak ediblər.

 

 

Arxiv üzrə axtarış