Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və Müstəqillik Gününün 105-ci ildönümü Seulda təntənəli şəkildə qeyd olunub.
Seul şəhərində yerləşən “Four Seasons” mehmanxanasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və Müstəqillik Gününün 105-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilib.
Tədbirdə Koreyanın dövlət və hökumət rəsmiləri, müxtəlif qurum və təşkilatlarının rəhbər şəxsləri, o cümlədən Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin prezidenti Li Yun-yonq, Koreya İdxalatçılar Assosiasiyasının prezidenti Kim Byonq-kvan, Koreya Beynəlxalq Ticarət Assosiasiyasının vitse-prezidenti Kim Gi-hyon, Koreyada işgüzar səfərdə olan Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Seulda akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, KİV nümayəndələri, aparıcı Koreya şirkətlərinin, elmi-ictimai təşkilatların, ali təhsil ocaqları və beyin mərkəzlərinin təmsilçiləri və Koreyada təhsil alan Azərbaycanlı tələbələr və diaspor nümayəndələri iştirak ediblər.
Koreya və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfiri Ramin Həsənov və Diasporla İşüzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxış ediblər.
Çıxışlarda ümummilli lider Heydər Əliyevin əlamətdar irsinə geniş yer verilib, onun mürəkkəb tarixi və siyasi sınaqlar fonunda xalqımızı sarsılmaz qətiyyətləinkişafa doğru aparan qüdrətli liderliyindən bəhs olunub. Heydər Əliyevin mükəmməl idarəçilik bacarığı və vətənpərvərliyi sayəsində Azərbaycanın siyasət, sosial-iqtisadi, elm-texnologiya və mədəniyyət kimi müxtəlif sahələrdəəhəmiyyətli tərəqqiyə nail olduğu vurğulanıb.
Çıxışlarda həmçinin Müstəqillik Gününün əhəmiyyəti barədə danışılaraq, tədbir iştirakçılarına Azərbaycan Demokratik Respublikasının tarixi və həmin dövrdə əldə olunmuş nailiyyətlər barədə məlumat verilib. 1918-ci ildə müsəlman şərqində ilk demokratik respublikanın məhz Azərbaycanda yarandığı, qısa mövcudluğu dövründə ölkədə siyasi-iqtisadi islahatların həyata keçirildiyi, demokratik institutların təsis olunduğu qeyd edilib.
Azərbaycan Demokratik Respublikasının mövcudluğunun uzun sürmədiyi və bolşevik işğalı nəticəsində Azərbaycanın 71 il Sovet İttifaqının tərkibində olduğu qeyd edilib. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi, lakin müstəqilliyin ilk illərində siyasi və iqtisadi problemlərlə yanaşı, ərazilərimizin Ermənistanın işğalına məruz qaldığı diqqətə çatdırılıb. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və təcrübəsi sayəsində Azərbaycanın çətin vəziyyətdən xilas olduğu və inkişaf mərhələsinə qədəm qoyduğu vurğulanıb.
Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycanın hazırda bütün dünyada hörmətlə qarşılanan bir ölkəyə çevrildiyi və 2020-ci ildə 44 Günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyi qonaqların diqqətinə çatdırılıb.
Daha sonra Azərbaycan-Koreya əlaqələrinə toxunularaq, ötən dövr ərzində ölkələrimizin sıx ikitərəfli münasibətlər qurmağa nail olduğu, qarşılıqlı təmas və mübadilələrin diplomatik təmsilçilik, ali və yüksək səviyyəli səfərlər, müxtəlif əməkdaşlıq mexanizmləri və layihələri ilə özünü büruzə verdiyi vurğulanıb.
Hazırda Azərbaycan və Koreya arasında xüsusilə iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün geniş imkanların mövcud olduğu deyilərək, bu çərçivədə 30 ildən sonra Ermənistan işğalından azad olunmuş Azərbaycan ərazilərində aparılan quruculuq işləri, nəzərdə tutulan layihələrdən bəhs olunub. Azərbaycan rəhbərliyi tərəfindən Koreya şirkətlərinin həmin quruculuq işlərinə dəvət edildiyi bildirilib.
Tədbirdə Koreya hökuməti adından şərəf qonağı qismində Koreya xarici işlər nazirinin ictimai məsələlər üzrə müavini Lim Su-sok və eləcə də Koreya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri So Byonq-su çıxış edərək, təbriklərini çatdırıblar.
Çıxışlarda Azərbaycanın tarix boyu Asiya və Avropa arasında ticarət və mədəni mübadilələrdə körpü rolu oynamasından, 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının elanının isə dünya tarixində və eləcə də demokratiyanın inkişafında xüsusi məna daşımasından bəhs olunub. Həmçinin, Azərbaycanın 1990-cı illərin əvvəllərində dövlət müstəqilliyinin bərpasından sonra ölkənin sürətli və dinamik inkişaf etdiyi vurğulanıb.
Coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşsələr də, Koreya ilə Azərbaycan arasında çoxlu sayda mədəni, emosional və linqvistik bənzərliklərin mövcudluğu diqqətə çatdırılıb, bu bağlılıqlara əsaslanaraq, iki ölkənin 1992-ci ildə diplomatik əlaqələr yaradaraq, indiyədək müxtəlif sahələr üzrə uğurla əməkdaşlıq etdiyi bildirilib. Koreyanın bundan sonra da Azərbaycanın tərəqqisi yolunda ölkəmizlə tərəfdaşlıq niyyəti diqqətə çatdırılıb, iki ölkənin daha parlaq gələcək quracağına inam ifadə olunub.
Tədbirin rəsmi hissəsinin yekununda Səfirliyin təşkilatçılığı və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Azərbaycanın xalq artisti Mircavad Cəfərovun rəhbərlik etdiyi “Cəngi” qrupunun ifasında Azərbaycanın etno-caz musiqi nümunələrindən ibarət konsert təqdim olunub.
Tədbir ümummilli lider Heydər Əliyevin 100 illiyi və Müstəqillik Gününün 105-ci ildönümünə həsr olunmuş “Qala-diner” ilə davam etdirilib.
Tədbirin keçirildiyi “FourSeasons” mehmanxanasının lobbisində ümummilli lider Heydər Əliyevin zəngin irsindən bəhs edən kitab və materiallardan ibarət sərgi təşkil olunub.