2023-08-25

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları Koreya Statistika Ofisi tərəfindən keçirilmiş təlimdə iştirak edib

 Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 11 fevral tarixli 930 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”na uyğun olaraq həyata keçirilən tədbirlər çərçivəsində Koreya Statistika Ofisi (KOSTAT) tərəfindən 2023-cü il 21-25 avqust tarixində təşkil edilmiş “Regional statistik potensialın gücləndirilməsi” təlimində iştirak etmək məqsədilə AR Dövlət Statistika Komitəsinin əməkdaşları Koreyaya səfər ediblər.

 

Təlimin məqsədi AR Dövlət Statistika Komitəsinin yerli statistika orqanlarının işçilərinin bilik və bacarıqlarının artırılmasından, statistik potensialın gücləndirilməsindən, statistik istehsal prosesində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin öyrənilməsindən, ən son yeniliklərin və təcrübələrin bölüşülməsindən ibarət olub.

 

Təlim zamanı KOSTAT-ın mütəxəssisləri tərəfindən Koreya milli statistika sisteminin rolu, strukturu, milli statistik planlaşdırma - statistik sorğular, məlumatların daxil edilməsi və emalı haqqında təqdimatlar edilib, KOSTAT-ın və  yerli statistika orqanlarının təşkili və fəaliyyəti, insan resurslarının idarə olunması, rəsmi statistika anlayışı, statistika sahəsində milli təcrübə, statistik sorğuların, mətbuat buraxılışlarının hazırlanması, məlumatların toplanması, emalı və yayımlanması, rəsmi statistik məlumatların müasir tələblərə uyğun hazırlanması, sayıcılar üçün sorğu metodologiyası, onların müsahibə aparmaq bacarıqları, statistik qanunvericilik və digər mövzular üzrə məlumatlar verilib.

 

Daha sonra təlim iştirakçıları KOSTAT-ın regional bölmələrinə səfər edərək onların iş şəraiti və fəaliyyəti ilə yaxından tanış olublar.

 

Təlimin sonunda AR Dövlət Statistika Komitəsinin əməkdaşlarına sertifikatlar təqdim olunub.

 

https://www.stat.gov.az/news/index.php?lang=az&id=5592

 

 

Arxiv üzrə axtarış