2023-11-02

Milli Məclisin sədri Sahibə Qafarova Koreya Milli Assambleyasının Azərbaycanla parlamentlərarası dostluq qrupu ilə görüşüb

Bakı, 2 noyabr, AZƏRTAC

Milli Məclisin sədri Sahibə Qafarova Koreya Respublikasına rəsmi səfəri çərçivəsində noyabrın 2-də bu ölkə parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Suh Byunq Su və qrupun üzvləri ilə görüşüb.

Azərbaycan parlamentinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunduğu görüşdə siyasi təmasların - yüksək səviyyəli səfərlərin, görüşlərin bu əlaqələrin daha da genişlənməsinə xidmət etdiyi bildirilib.

Sahibə Qafarova hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsindən, deputatların qarşılıqlı əməkdaşlığından razılığını bildirib, parlamentlərimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Suh Byunq Su Milli Məclisin sədrinin bu səfərinin əlaqələrimizin daha da dərinləşməsinə töhfə verəcəyinə inamını ifadə edib, özünün Azərbaycana səfərləri və xoş təəssüratları barədə danışıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə və parlamentlərimiz arasında münasibətlərin daha da inkişafına dair fikir mübadiləsi aparılıb.

Arxiv üzrə axtarış