2023-11-15

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi Koreyada qeyd olunub

Ölkəmizdə qeyd olunan “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə 14 noyabr 2023-cü il tarixində Koreya Respublikasının Seul şəhərində “Odlar Yurduna musiqili səyahət” adlı konsert keçirilib. 

Koreyanın Mədəniyyət, İdman və Turizm Nazirliyinin, Koreya Beynəlxalq Mədəni Mübadilə Fondunun və Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Muğam Mərkəzi ilə əməkdaşlıq çərçivəsində baş tutan konserti çıxış sözü ilə ölkəmizin Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov açıb. 

Səfir nitqində xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin Azərbaycan və onun hüdudlarından kənarda geniş şəkildə qeyd olunduğunu və “Heydər Əliyev İli” çərçivəsində o cümlədən xarici ölkələrdə çoxsaylı tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Ramin Həsənov Ulu Öndərin ölkəmizin inkişafı naminə yorulmaz fəaliyyətini qeyd edib, Azərbaycanın onun uzaqgörənliyi və qətiyyəti sayəsində uğurlu inkişaf yolu keçdiyini vurğulayıb. 

Azərbaycan səfiri həmçinin bugünlərdə Azərbaycanda Zəfər Gününün qeyd olunduğunu bildirib və bu xüsusda, müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin öz ərazi bütövlüyü və suverenliyini tam şəkildə bərpa etməsindən bəhs edib. 

Ramin Həsənov Azərbaycan muğamının özəlliyi, Azərbaycanda muğam sənətinin inkişafı və onun qlobal səviyyədə tanınması üçün görülən işlərdən danışıb. Bu xüsusda Azərbaycan muğam ustalarının və onların sənətini təşviq edən  Heydər Əliyev Fondunun fəaliyyətini vurğulayıb.  

Azərbaycanın əməkdar artisti Sahib Paşazadənin bədii rəhbərliyi ilə keçirilən konsertdə əməkdar artist Toğrul Əsədullayev, əməkdar artist Kamran Kərimov, Rüstəm Müslümov və Səbinə Ərəblidən ibarət ansambl tərəfindən Azərbaycanın xalq və bəstəkar musiqisindən nümunələr ifa edilib. Həmçinin Sahib Paşazadə və tanınmış koreyalı pianoçu Ki-cin Kvo Azərbaycan və Koreya bəstəkarlarının əsərlərini səsləndiriblər. 

Tədbirdə Koreyanın mədəniyyət, elm, təhsil və ictimai-siyasi dairələrinin, kütləvi informasiya vasitələrinin, Koreyada akkreditə olunmuş xarici diplomatik missiyaların təmsilçiləri, o cümlədən bu ölkədəki Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Arxiv üzrə axtarış