2023-12-09

Milli Məclisin sədri Sahibə Qafarova Koreya Milli Assambleyasının Gender bərabərliyi və ailə komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Bakı, 7 dekabr, AZƏRTAC

Dekabrın 7-də Milli Məclisin sədri Sahibə Qafarova Koreya Respublikası Milli Assambleyasının Gender bərabərliyi və ailə komitəsinin sədri İn-suk Kvonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, söhbət zamanı ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan-Koreya münasibətlərinin mövcud vəziyyətinin məmnunluq doğurduğu qeyd olunub. Ölkələrimiz arasında fəal siyasi dialoqun və sıx iqtisadi əməkdaşlıq münasibətlərinin çoxsaylı istiqamətlər üzrə əlaqələrin inkişafına geniş perspektivlər yaratdığı diqqətə çatdırılıb. Vurğulanıb ki, münasibətlərimizin inkişafında yüksəksəviyyəli qarşılıqlı səfərlər, xüsusilə dövlət başçılarının səfərləri ikitərəfli münasibətlərin daha da genişlənməsi üçün çox möhkəm zəmin yaradıb.

Görüşdə, həmçinin hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının parlamentlərarası münasibətlərin inkişafında xüsusi rol oynadığı diqqətə çatdırılıb.

Söhbət zamanı tərəflər gender məsələlərinə dair də fikir mübadiləsi aparıblar.

Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycanda qadın hüquqlarının təmin olunması, qadınların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artırılması daim diqqət mərkəzindədir. O, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, eləcə də Milli Məclisdə Ailə, qadın və uşaq məsələləri komitəsinin yaradılmasının bu sahədə hökumət-parlament əməkdaşlığının təmin edilməsi istiqamətində atılmış mühüm addım olduğunu bildirib.

İn-suk Kvon öz növbəsində Azərbaycanda olduğu kimi, Koreyada da gender məsələlərinə, qadın hüquqlarının qorunmasına və qadınların ictimai həyatda fəallıqlarının artırılmasına böyük əhəmiyyət verildiyini vurğulayıb.

Azərbaycana səfərindən məmnunluğunu bildirən komitə sədri belə səfərlərin intensivliyinin daha da artacağına ümidvar olduğunu deyib. Ölkələrimiz və xalqlarımız arasında oxşar cəhətlərin çox olduğunu söyləyən İn-suk Kvon münasibətlərimizin inkişafı üçün böyük potensialın mövcudluğunu ifadə edib. O, enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın vacib rolunu diqqətə çatdırıb.

Söhbət zamanı regionda mövcud olan vəziyyət barədə də məlumat verilib.

Arxiv üzrə axtarış