2023-12-22

Azərbaycan filmi Avrasiya Kino Festivalında nümayiş etdirilib

Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanın kino sənəti 1-ci Avrasiya Kino Festivalında təmsil olunub.  

20-22 dekabr 2023-cü il tarixlərində Koreyanın Busan şəhərində keçirilmiş festivalda Azərbaycan Respublikasının Kino Agentliyinin təqdimatı ilə tanınmış kinorejissor, xalq artisti Oqtay Mir-Qasımın “Qisas almadan ölmə. Keçmişdən məktublar” bədii filmi nümayiş etdirilib.

Dünya səviyyəli film festivallarının keçirildiyi mötəbər Busan Kino Mərkəzində təşkil edilmiş 1-ci Avrasiya Kino Festivalının açılış mərasimində çıxış edən Busan Kino Mərkəzinin rəhbəri Kim Cin-hae Avrasiya Kino Festivalının hər il keçirilməsinin planlaşdırıldığını qeyd edib.

Festivalın iştirakçı ölkələrinin Koreya Respublikasındakı diplomatik missiyalarının təmsilçilərinin də qatıldığı tədbirdə Azərbaycan səfirliyinin birinci katibi Vüqar Qafarov çıxış edib və “Qisas almadan ölmə. Keçmişdən məktublar” bədii filminin Azərbaycanın multikulturalizm və dini tolerantlıq mühitini parlaq şəkildə əks etdirdiyini diqqətə çatdırıb.

 

 

 

Arxiv üzrə axtarış