2024-01-19

Koreyada 20 Yanvar faciəsinin ildönümüylə əlaqədar tədbirlər keçirilib

18 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyində 20 Yanvar faciəsinin 34-cü ildönümüylə əlaqədar bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Koreyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov 20 Yanvarın Ümumxalq Hüzn Günü olmasıyla bərabər, eyni zamanda Azərbaycanın müasir tarixində qəhrəmanlıq səhifəsi olduğunu vurğulayıb. O, 20 Yanvar şəhidlərinin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsində yeri və rolundan danışıb.

19 yanvar tarixində səfir Ramin Həsənov Koreyanın mətbuat təmsilçilərinə 20 Yanvar faciəsi barədə brifinq verib. Səfir koreyalı jurnalistləri 20 Yanvar hadisələrinin mahiyyəti barədə məlumatlandırıb, bu hadisələri insanlığa qarşı törədilmiş cinayət adlandırıb. Qeyd edib ki, bu cinayətin törədilməsi göstərişini verən o zamankı Sovet İttifaqı rəhbərliyi Azərbaycan xalqının azadlığı və hüquqları uğrunda mübarizəsini boğmaq məqsədini güdüb. Vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev 21 yanvar 1990-cı ildə 20 Yanvar hadisələri barədə ictimaiyyətə məlumat verib və bu hadisələrin törədilməsinin günahkarlarını ən sərt şəkildə pisləyib. Səfir Sovet hakimiyyətinin Azərbaycan xalqına qarşı törətdiyi qanlı cinayətin onun azadlıq iradəsini qıra bilmədiyini, əksinə, bu faciənin Azərbaycanın müstəqilliyinin bərpası yolunda dönüş nöqtəsi olduğunu bildirib.

Ramin Həsənov eyni zamanda qeyd edib ki, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin ruhu şaddır. Çünki Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini tam olaraq bərpa edib.

 

 

Arxiv üzrə axtarış