DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının rəsm əsərləri ilk dəfə Cənubi Koreyada - beynəlxalq sərgidə nümayiş etdirilir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının rəsm əsərləri ilk dəfə Cənubi Koreyada - beynəlxalq sərgidə nümayiş etdirilir.
Əlilliyi olan gənclərin əl işlərindən ibarət olan sərginin açılışı Yeniyetmələrin 4-cü Qış Olimpiya Oyunları çərçivəsində Cənubi Koreyanın Qanqvon əyalətində baş tutub.
“Birlikdə böyü, əbədi parla” devizi ilə keçirilən sərgidə Mərkəzin benefisiarları Şamxal Xələfli, Şəbnəm Əhmədova və Qumru Əliyevanın müxtəlif mövzularda çəkdikləri tablolar, o cümlədən “Şuşa”, “Neft buruqları”, “Qış mənzərəsi” əsərləri qonaqların və media nümayəndələrinin marağına səbəb olub.
Tədbirdə iştirak edən Cənubi Koreyanın hökumət nümayəndələri, diplomatik korpus üzvləri və sənət xadimləri Azərbaycan rəssamlarının əsərlərindən ibarət ekspozisiyaya baxıblar. Sərgidə əsərləri yer alan müəlliflərin emosional və rəssamlıq baxımından yüksək səviyyədə iş nümayiş etdirdikləri diqqətə çatdırılıb. Bu cür əsərlərlə rəssamların dünyaya ümid və gözəllik bəxş etdiyi vurğulanıb.
Mərkəzin nümayəndəsi tərəfindən tədbir iştirakçılarına Mərkəzin fəaliyyəti və xidmət istiqamətləri ilə bağlı məlumat da verilib. Mərkəzdə sosial cəhətdən həssas əhali qruplarına aid, o cümlədən əlilliyi olan şəxslərin yaradıcılıq potensialının inkişaf etdirilməsi və cəmiyyətə adaptasiyası istiqamətində aparılan işlərdən danışılıb.
Qeyd edək ki, ekspozisiyada Asiya, Amerika, Afrika, Avropa və Okeaniya ölkələrindən 53 rəssamın 274 əsəri sərgilənir.
Sərgi fevralın 1-dək Yeniyetmələrin 4-cü Qış Olimpiya Oyunları müddətində Qanqneunq İncəsənət Mərkəzində sənətsevərlərin ixtiyarında olacaq.