Koreya İdxalatçılar Assosiasiyasında Azərbaycana həsr olunmuş tədbir keçirilib
Koreya İdxalatçılar Assosiasiyasının (KOIMA) Seul şəhərində yerləşən baş ofisində Koreya şirkətləri üçün Azərbaycanda biznes üstünlükləri barədə seminar keçirilib.
Tədbirə qatılan Azərbaycanın Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov KOIMA-nın sədri Byunq-Kvan Kimlə görüşüb. Tərəflər sözügedən qurumun yaxınlarda Azərbaycana təşkil etdiyi alıcı missiyası, eləcə də Azərbaycan-Koreya iqtisadi əməkdaşlığının təşviqi vasitələri barədə məhsuldar müzakirələr aparıblar.
KOIMA-nın sədri Byunq-Kvan Kim seminarda açılış nitqi söyləyib. O, seminarda iştirak edən Koreya şirkətlərinin təmsilçilərini Koreya nümayəndə heyətinin Azərbaycana alıcı missiyasının nəticələri və uğurları barədə məlumatlandırıb, Azərbaycan-Koreya ticarət əlaqələrinin daha da gücləndirilməsi niyyətini ifadə edib.
Səfir Ramin Həsənov tədbirdə çıxış edərək, ölkəmizin iqtisadi potensialı, əlverişli biznes və sərmayə mühiti, xarici ticarəti barədə tədbir iştirakçılarına məlumat verib. Diplomat, həmçinin, Ermənistanın işğalından azad olunmuş ərazilərimizdəki investisiya layihələrini təqdim edib.
Ardınca KOIMA tərəfindən Azərbaycanın kənd təsərrüfatı, qida emalı, şərabçılıq, şirniyyat, toxuculuq və yüngül sənaye sahələrində kommersiya imkanları barədə geniş təqdimat edilib.
Seminar sual-cavab sessiyası və inter-aktiv müzakirələrlə davam edib.