2024-05-08

Koreyanın Qaçon Universitetində Ümummilli Lider Heydər Əliyevin siyasi irsi barədə mühazirə təşkil edilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüylə əlaqədar Koreyanın Qaçon Universitetində Ulu Öndərin siyasi irsinə həsr olunmuş mühazirə təşkil edilib.

Azərbaycanın Koreyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov Universitetin Siyasi Elmlər və Təhlükəsizlik Araşdırmaları fakültəsinin tələbələri qarşısında “Ümummilli Lider Heydər Əliyevin siyasi irsi – Azərbaycanın strateji prioritetləri və inkişaf modeli” mövzusunda çıxış edib.

Səfir Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində oynadığı əvəzolunmaz roldan və Ulu Öndərin siyasi irsindən bəhs edib. O vurğulayıb ki, hazırda sabit və güclü dövlətçiliyi, siyasi və iqtisadi dinamikası ilə seçilən, eləcə də dünyada söz sahibi olan Azərbaycanın inkişaf modelinin əsası Ulu Öndərin adı ilə bağlıdır. Azərbaycanın çox ağır vəziyyətdə, vətəndaş müharibəsi astanasında olduğu və Ermənistanın ölkəmizə hərbi təcavüz etdiyi bir zamanda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Heydər Əliyev yüksək iradə, siyasi ustalıq və liderlik nümayiş etdirərək dövlətçiliyimizi xilas edib və ölkəni inkişaf yoluna çıxarıb.

Ramin Həsənov vurğulayıb ki, Heydər Əliyevin adı müasir və güclü Azərbaycanın rəmzinə çevrilib və onun əsasını qoyduğu daxili və xarici siyasət bugünədək davam etdirilir. O, Azərbaycanın inkişaf modeli barədə məlumat verib, ölkənin daxili və xarici siyasətinin prioritetlərini və xüsusiyyətlərini qeyd edib. Heydər Əliyev irsinə sadiq qalan Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın iqtisadi nailiyyətləri və beynəlxalq arenadakı uğurları barədə geniş məlumat verən diplomat həmçinin ölkəmizin Ermənistanın uzunmüddətli işğalına son qoyması, öz ərazi bütövlüyü və suverenliyini tam olaraq bərpa etməsindən, eləcə də Azərbaycanın post-münaqişə dövrünə aid gündəliyindən bəhs edib. Səfir, eyni zamanda, Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbirinə sədrliyi ilə əlaqədar görülən işlər barədə danışıb.

Mühazirə zamanı Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib.

 

 

Arxiv üzrə axtarış