2024-05-24

Azərbaycanın Müstəqillik Günü Cənubi Koreyada qeyd olunub

Koreya Respublikasının paytaxtı Seulda Səfirliyimiz tərəfindən Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib.

Tədbirdə ölkəmizin Koreya Respublikasındakı səfiri Ramin Həsənov Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə Azərbaycanın müstəqilliyinə qovuşması və böyük tarixi olan dövlətçilik ənənələrini bərpa etməsi barədə məlumat verib. Səfir vurğulayıb ki, müsəlman Şərqində ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyəti cəmi iki il mövcud olmasına baxmayaraq, mütərəqqi addımlara və nailiyyətlərə imza atıb.

R.Həsənov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğuna son qoyan bolşevik-sovet hakimiyyəti 71 il davam etsə də, Azərbaycan xalqı özünün demokratik, dünyəvi, multikultural dəyərlərə söykənən milli dövlətçiliyini bərpa etmək niyyətindən heç vaxt imtina etməyib. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edib.

Diplomat vurğulayıb ki, müstəqilliyinin ilk illərindən çoxsaylı daxili və geosiyasi çağırışlarla, eləcə də Ermənistanın ərazi iddiaları və hərbi təcavüzü ilə üzləşən Azərbaycan Ümummilli Lider Heydər Əliyevin uzaqgörən islahatları və qətiyyətli idarəçiliyi nəticəsində qısa müddətdə toparlanıb, sabit və inkişaf edən dövlətə çevrilib. Ulu Öndər və onun varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurlu siyasi və iqtisadi inkişaf yolu keçib.

Ölkəmizin iqtisadi nailiyyətləri və beynəlxalq arenadakı uğurları barədə geniş məlumat verən səfir, həmçinin Azərbaycanın Ermənistanın uzunmüddətli işğalına son qoyması, öz ərazi bütövlüyü və suverenliyini tam bərpa etməsindən, eləcə də Azərbaycanın postmünaqişə dövrünə aid gündəliyindən bəhs edib.

Diplomat Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi ilə əlaqədar görülən işlər barədə danışıb.

Koreya Respublikasının xarici işlər nazirinin müavini Ço Ku-rae hökumətinin təbriklərini çatdırıb. O, “Odlar diyarı” kimi tanınan Azərbaycanın Qərb və Şərq mədəniyyətlərinin qovşağı hesab edildiyini və qonaqpərvərliyi ilə məşhur olduğunu bildirib.

Azərbaycan-Koreya münasibətlərindən danışan nazir müavini, iki ölkəni 30 ildən artıq davam edən dostluq əlaqələrinin bir-birinə bağladığını, nəqliyyat, infrastruktur, su təchizatı kimi sahələrdə çoxsaylı birgə layihələrin həyata keçirildiyini qeyd edib.

Ço Ku-rae Azərbaycan və Koreya arasında siyasi sahədə yüksək səviyyəli dialoqun olduğunu və mədəni əlaqələrin uğurla inkişaf etdiyini bildirib, xalqlarımızı oxşar dəyərlərin birləşdirdiyini diqqətə çatdırıb.

Rəsmi qəbul ziyafətlə davam edib. Qonaqlar Azərbaycana dair müxtəlif nəşrlərlə tanış olublar.

 

 

Arxiv üzrə axtarış