8 Noyabr - Zəfər Günü Koreyada təntənəli şəkildə qeyd olunub
Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə 6 noyabr 2024-cü il tarixində Seul şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov 8 Noyabr - Zəfər Gününün Azərbaycanın müasir tarixindəki yerindən bəhs edib. Bildirib ki, Azərbaycan xalqına qarşı 30 il davam edən, dünya birliyinin də göz yumduğu tarixi ədalətsizliyə məhz Azərbaycan ordusunun 44 günlük Vətən Müharibəsində qazandığı şanlı qələbə ilə son qoyulub. Qazanılan zəfərin Ermənistanın işğal etdiyi və viran qoyduğu Azərbaycan torpaqlarının azad edilməsi ilə yanaşı, azərbaycanlı məcburi köçkünlərin hüquqlarının bərpası baxımından da böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Ramin Həsənov bildirib ki, bu qələbəni Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörənliyi və qətiyyəti, torpaqlarının işğalı ilə heç vaxt barışmayan Azərbaycan xalqının mübarizə ruhu və milli birliyi təmin edib. O, torpaqlarımız uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib və qazilərimizə şəfa diləyib.
Başa çatmış münaqişənin xalqımıza vurduğu dərin yaralar hələ sağalmasa da, ölkəmizin Ermənistanla sülh şəraitində yaşamağa hazır olduğunu diqqətə çatdıran səfir məhz Azərbaycanın Ermənistanla sülh sazişi imzalamaq təşəbbüsü ilə çıxış etdiyini bildirib. Həmçinin, sülh danışıqlarının gedişatı, sərhədlərin delimitasiyası və demarkasiyası üzrə əldə olunan praktik nəticələr və sülh gündəliyimizin digər məsələləri barədə məlumat verib. Vurğulayıb ki, Ermənistan Azərbaycanla sülh üçün səmimi addımlar atarsa, regionda davamlı sülhə nail olmaq mümkündür.
Ramin Həsənov, eləcə də, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan bərpa işləri, humanitar mina problemi, eləcə də digər çağırış və çətinliklərdən bəhs edib. Bundan əlavə, ölkəmizin regional əməkdaşlığın gücləndirilməsi istiqamətində göstərdiyi fəaliyyət, qlobal aləmdə yürütdüyü fəal diplomatiya, o cümlədən yaxınlarda COP29 tədbirinə evsahibliyi edəcəyini qeyd edib.
Daha sonra qonaqlara ziyafət verilib. Koreyalı caz ustalarının ifasında dünya və Azərbaycan musiqisindən nümunələr səsləndirilib.
Tədbir çərçivəsində Zəfər Gününü əks etdirən foto-şəkillər nümayiş etdirilib və Azərbaycana dair müxtəlif çap materialları tədbir iştirakçılarının ixtiyarına verilib.
Tədbirdə Koreyada akkreditə olunmuş səfirlər, bu ölkənin siyasi, iqtisadi, elmi, mədəni dairələrinin və kütləvi informasiya vasitələrinin təmsilçiləri, eləcə də Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.