Təhsil əməkdaşlığı

Təhsil əməkdaşlığı

 

 

Azərbaycan ilə Koreya arasında münasibətlər kontekstində iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın rolu xüsusilə vurğulanmalıdır. Bu baxımdan, insan kapitalının daha da gücləndirilməsi, elmin və təhsilin inkişafının, eləcə də tədqiqatların və innovasiyanın təşviq olunması məqsədilə qabaqcıl təcrübələrin öyrənilməsi, eləcə də ikitərəfli elmi-akademik əməkdaşlığın genişləndirilməsi böyük əhəmiyyət kəsb edir.

 

Koreya azərbaycanlı tələbələrin təhsil almaq üçün üz tutduqları ölkələr arasında ilk sıralarda yer alır. Hazırda, təxminən 200 azərbaycanlı tələbə Koreyanın müxtəlif universitetlərində təhsil alırlar. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) və Koreya İnkişaf İnstitutu (KDI) azərbaycanlı tələbələrin Koreyada təhsil almalarına və Azərbaycan Respublikasının dövlət qurumlarının əməkdaşlarının potensiallarının artırılmasına dəstək göstərir.

 

Azərbaycan və Koreya dilləri eyni Ural-Altay dil qrupundan olduğundan, Koreyada Azərbaycan dilini və Azərbaycanda Koreya dilini öyrənmək üçün qarşılıqlı maraq vardır. Hazırda, Azərbaycanda Koreya dili 2 universitetdə - Bakı Dövlət Universitetində və Azərbaycan Dillər Universitetində öyrədilməkdədir. Eyni zamanda, Azərbaycan dili Koreyada tədris olunan 15 strateji dildən biridir. Azərbaycan dili Hankuk Xarici Araşdırmalar Universitetində (HUFS) tədris edilir.

 

Hankuk Xarici Araşdırmalar Universitetində (HUFS) Türk-Azərbaycan Bölməsi fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycan Dillər Universitetində Koreyaşünaslıq Mərkəzi, Naxçıvan Dövlət Universitetində Koreya Mərkəzi, eləcə də Bakı Dövlət Universitetində Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzi və Koreyaşünaslıq ixtisası təsis olunmuşur.

 

Azərbaycan və Koreya universitetləri və elmi-tədqiqat institutları arasında elmi-akademik əməkdaşlıq haqqında bir çox sənədlər imzalanmışdır. Həmin sənədlər, ikili diplom proqramlarının, tələbə-müəllim heyətinin mübadiləsinin və Yay Məktəbinin reallaşdırılması kimi elementləri özündə ehtiva edir.

 

Son yenilənmə tarixi: 07.09.2023

 

Arxiv üzrə axtarış