2023-11-20

Azərbaycanın Monqolustandakı səfiri etimadnaməsini təqdim edib

17 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Monqolustanda fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov etimadnaməsini bu ölkənin prezidentinə  təqdim etmək məqsədilə Monqolustanın paytaxtı Ulan-Bator şəhərində Dövlət Sarayını ziyarət edib.

Dövlət Sarayının qarşısında düzülmüş fəxri qarovul Azərbaycan və Monqolustanın dövlət himnlərini ifa ediblər.

Səfir Ramin Həsənov Monqolustan Prezidenti Uxnaaqiin Xurelsuxa etimadnaməsini təqdim edib.

Səfir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Monqolustan Prezidentinə çatdırıb. Ölkəmizin Monqolustanla əməkdaşlığa böyük önəm verdiyini və qədim tarixi köklərə söykənən iki ölkənin münasibətlərinin dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb. İki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin inkişafı üçün böyük potensialın mövcud olduğunu əlavə edib.

Monqolustan Prezidenti səfiri təbrik edib və ona uğurlar arzulayıb. Öz növbəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə salamlarının və ən xoş arzularının çatdırılmasını xahiş edib. O, Azərbaycan səfirinin fəaliyyətinin iki dövlət arasında əməkdaşlığın güclənməsinə töhfə verəcəyinə əminliyini vurğulayıb, Monqolustan Prezidentinin Administrasiyası və Hökumətinin səfirin fəaliyyətinə hər zaman dəstək göstərməyə hazır olduğunu qeyd edib. Prezident Kurelsux ölkəsinin Azərbaycanla ikitərəfli qaydada və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu ifadə edib.

Etimadnamənin təqdim olunması mərasimindən sonra səfir Ramin Həsənov Monqolustanın xarici işlər naziri Battsetseq Batmunxla ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparıb.

Arxiv üzrə axtarış