2023-12-12

Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi Koreyada anılıb

11 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə Seul şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə Ulu Öndərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. 

Azərbaycan Respublikasının Koreya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində oynadığı əvəzolunmaz roldan və  Ulu Öndərin siyasi irsindən bəhs edib. Səfir vurğulayıb ki, ölkəmiz və xalqımız qarşısında əvəzedilməz xidmətlərinə ehtiram əlaməti olaraq, Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin təsadüf etdiyi 2023-cü il Prezident İlham Əliyevin müvafiq Sərəncamıyla ölkəmizdə “Heydər Əliyev İli” kimi qeyd edilir. Ramin Həsənov bildirib ki, ölkəmizi vaxtilə çox çətin vəziyyətdən çıxarmağa nail olmuş və dövlətçiliyimizi xilas etmiş Heydər Əliyevin adı müasir və güclü Azərbaycanın rəmzinə çevrilib. 

Azərbaycan səfiri Ulu Öndərin yüksək ustalıq və uzaqgörənliklə əsasını qoyduğu siyasi xəttin davamlı şəkildə həyata keçirilməsinin nəticəsi olaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkəmizin öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsi barədə məlumat verib. Qeyd edib ki, buna görə Ulu Öndərin ruhu şaddır. Diplomat Azərbaycanın hazırda regionda davamlı sülhə nail olunması üçün səy göstərdiyini, eləcə də Ermənistanla münasibətlərin normallaşması və tezliklə sülh sazişinin imzalanmasına çalışdığını diqqətə çatdırıb. 

Sonra Ulu Öndərin xarici siyasət fəaliyyətini və diplomatik səylərini əks etdirən qısametrajlı sənədli film nümayiş etdirilib.  

Tədbir koreyalı musiqiçilər Yunq Coo Park, Younq Kyounq Kvon və Bo Bae Yoonun ifasında Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət anım konserti ilə davam edib. 

Anım tədbirində Koreya Respublikasında akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və əməkdaşları, Koreyanın ictimai-siyasi, mədəniyyət, elm, təhsil dairələrinin nümayəndələri, kütləvi informasiya vasitələrinin təmsilçiləri və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

 

Arxiv üzrə axtarış