Səfir Ramin Həsənov Koreyanın Decon şəhərinə işgüzar səfər edib
8 aprel 2024-cü il tarixində səfir Ramin Həsənov Decon şəhərinə işgüzar səfər edib.
Ramin Həsənov Decon şəhərinin meri Dr. Canq Vu Li ilə görüş keçirib və qarşılıqlı maraq doğuran məsələləri, o cümlədən qardaşlaşmış şəhər tərəfdaşlığını, insanlar arasında əlaqələrin və mədəni mübadilələrin təşviqini müzakirə edib.
Səfir həmçinin Decon şəhərinin Ticarət və Sənaye Palatasının sədri Dr. Conq Te Hi ilə görüşüb. Görüşdə iqtisadi-ticarət əməkdaşlığının perspektivləri, eləcə də Ermənistanın işğalından azad olunmuş Azərbaycan ərazilərindəki sərmayə imkanları barədə müzakirələr aparılıb.
Səfər çərçivəsində Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun (KAIST) prezidenti, prof. Kvanq Hyunq Li və vitse-prezidenti, prof. Man-Sunq Yim ilə keçirilmiş görüşdə Azərbaycan universitetləri və KAIST arasında elmi-akademik, tədqiqat və inkişaf üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib.
Səfir Ramin Həsənov informasiya texnologiyaları və mühəndislik sahələrində dünyanın qabaqcıl universitetlərindən biri olan KAIST-də təhsil alan azərbaycanlı tələbələrlə interaktiv görüş keçirib. O cümlədən Səfirlik tərəfindən KAIST-də təhsil alan azərbaycanlı tələbələr üçün səyyar konsul xidməti təşkil olunub.